Məzmuna keç

Yazmasan olmur

Vikimənbə saytından
Yazmasan olmur (01.04.2022)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Deyillər lal otur, bir kəlmə yazma!

Lalları görəndə yazmasan olmur.

Zəncirdən açılmış arxalı köpək

Üstünə hürəndə yazmasan olmur.


Özünü göstərib sanki bir mələk,

Sümüyü ağzında it oğlu köpək

Xalqın sərvətini ata malıtək

Qapıb götürəndə yazmasan olmur.


Gözəlləri yığıb yanda – yörədə,

Oğurluq malları sərib süfrədə,

Hayasız-hayasız dılqır bir gədə

Kefini sürəndə yazmasan olmur.


Pələngə üzbəüz neylər tülkülər?

Yıxacaq – vurarsa arxadan xəncər.

Siçovul anbarda gizlənsə əgər,

Dəni süpürəndə yazmasan olmur.


Teymurun könlünü duman bürüyüb,

Fələk əzəl başdan düyünü düyüb...

Bəslədiyin küçük bir gün böyüyüb,

Başı gəmirəndə yazmasan olmur!