Yeddi iqlim, dörd guşeyi dolandım

Vikimənbə saytından
Yeddi iqlim, dörd guşeyi dolandım
Müəllif: Dadaloğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Yeddi iqlim, dörd guşeyi dolandım,
Məğər dünya hər tərəfdə bir imiş.
Mən dünyanı Al-Osmanın sanırdım,
Məğər dünya yüz sultanlıq yer imiş.

İrili-ufaklı insan puç oldu,
Onlar doğdu keçinməsi güç oldu.
Altı şahbaz ərəb atı necoldu?!
Elə sandım, yalan dünya çürümüş.

Oxuduğun tutmaz oldu alimlər,
Qalxdı da ədalət, artdı zülümlər.
Tərləmədən mal qazanan zalımlar,
Can verirkən soluxması zor imiş.

Dadaloğlu der ki, sözüm vəsiyyət,
Mənim sözümü dinləyənə nəsihət.
Bəsmələsiz qazanılan puç övlad,
O da ki, dünyada ziyankar imiş.