Məzmuna keç

Yeddi nar çubuğu

Vikimənbə saytından
Yeddi nar çubuğu
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişinin yeddi oğlu var idi. Qardaşlar həmişə bir yerdə yeyibiçər, bir yerdə də dolanardılar. Hamı onların mehribanlığına həsəd aparardı. Heç bir düşmən onlara bata bilməzdi. Yeddi qardaşa nəinki düşmənin, hətta yırtıcı heyvanların da gücü çatmazdı.

Bunlar ova gedəndə də həmişə bir yerdə gedərdilər. Ayını, canavarı, şiri, pələngi diri-diri tutardılar. Zarafat deyil, yeddi qardaşın biri şirin əlindən, biri ayağından, biri quyruğundan, başından, qərəz hərəsi bir yerindən yapışsa, şir deyil, heç fil də bunlara bata bilməzdi.

Aylar dolandı, illər keçdi, qardaşlar evlənib oğul-uşaq sahibi oldular. Hərəsi bir yerdə imarət alıb ayrıldılar. Bir-birlərinin evlərinə gediş-gəlişləri azaldı. Ova gedəndə də tək-tək getdilər. Aralarında soyuqluq əmələ gəldi. Düşmənlər bu fürsətdən istifadə edib, onlara tək-təkinə hücum edərək, evlərini taladılar, özlərini hörmətdən saldılar. Qardaşlar ova tək getdikləri üçün əliboş qayıtdılar.

Ataları lap qocalıb əldən düşmüşdü. Övladları hərdənbir onun yanına gələndə öz dolanacaqlarından narazılıq edirdilər.

Ata gördü ki, belə getsə, oğlanlarının halı yaxşı keçməyəcək. Odur ki, onların hamısını bir yerə yığıb dedi:

- Oğlanlarım, sabah mənim yanıma gələrsiniz. Özü də hərəniz barmaq yoğunluğunda bir nar çubuğu gətirərsiniz.

Oğlanlar hamısı "baş üstə" deyib getdilər. Səhər atalarının yanına gələndə hərəsi bir nar çubuğu gətirdi. Ataları yeddi nar çubuğunu əlinə alıb dəstələdi. Ortasından möhkəm bir iplə bağladı, oğlanlarına verib dedi:

- Oğlanlarım, gücünü sınayın görüm, bunu hansınız sındıra bilərsiniz?

Qardaşlar nə qədər çalışdılarsa, heç birisi çubuq dəstəsini qıra bilmədi. Bu dəfə kişi dəstəni açıb çubuqları tək-tək oğlanlarına verib dedi:

- İndi bu çubuqları qırın görüm, gücünüz çatırmı?

Qardaşlar hərəsi bir nar çubuğunu götürüb qatlayan kimi iki böldülər.

Sonra üzlərini atalarına tutub dedilər:

- Ata, bu çubuqları qırdırmaqda məqsədin nədir? Bu işdən bizi agah elə. Qoca dedi:

- Balalarım, bu çubuqlar - siz yeddi qardaşsınız. Nə qədər ki, bir-birinə bağlanmış bu çubuqlar kimi bir yerdəsiniz, kefi kök, damağı çağ dolanacaqsınız. Heç kimin də sizə gücü çatmayacaq. Elə ki, bir-birinizdən ayrıldınız, düşmənlər sizi təkləyib nə istəsələr edə bilərlər. Gəlin bir-birinizdən uzaq gəzməyin. Bir-birinizin sözündən çıxmayın. Onda güclü, xoşbəxt olarsınız.

Qardaşlar atalarının bu doğru nəsihətindən sonra yenidən birləşdilər, bir-birinə kömək etdilər, günlərini xoş keçirməyə, mehriban yaşamağa başladılar. О gündən sonra heç kim yeddi qardaşın qabağına çıxa bilmədi.

Qardaşlar gördülər ki, doğrudan da, güc birlikdədir.

Göydən üç alma düşdü, biri nağıl deyənin, biri qulaq asanın, biri də mənim.