Yeddibulaq

Vikimənbə saytından
Rəvayətlər. Yeddibulaq
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim zamanlarda aranda yaşayan camaat yaylağa çıxarmış. Onlar yaxşı otlaqlar tapıb orada məskən salar, qoyun-quzularını saxlayarmışlar.

O vaxtlar əri davada ölmüş ağır külfətli bir ana da yaylağa köçür. Onun yeddi qızı, bir oğlu varıymış. Ana uşaqlarını başına yığıb dolanırmış. Bir gün onların yaylaqdakı alaçıqlarına qəfil basqın olunur. Ana da, qızlar da düşmənə qarşı vuruşur. Qardaş balaca olduğundan yaxşı vuruşa bilmir, bacılarından aralı düşür. Qardaşlarını itirmiş qızlar axıracan mərdliklə döyüşürlər.

Düşmənlər qızları analarından ayırıb aparmaq istəyirlər. Ana çox hay-həşir salır, amma ağır yaralandığından yerindən tərpənə bilmir. Ananın yarasından tökülən qan göz yaşlarına qarışıb axır. Qızlar düşmənə baş əymək istəmirlər.

Böyük bacı deyir:

– Namusu itə atıblar, it yeməyib. Öləcəyik, düşmənə əyilməyəcəyik. Bacılarım, mərd dayanın, tək qardaşımın, ağsaqqal anamın heyfini alaq. Elə eləyin ki, bir-birinizdən ayrı düşməyin.

Qızlar ölənəcən düşmənlə vuruşur. Namərd düşmən bınnarın yeddisini də yaralı qoyub gedir. Qızlar bir-birinə kömək eləyəmmirlər. “Ana”, “qardaş” deyədeyə, ah-nalə çəkib dağı-daşı dilə gətirirlər. Onnar göz yaşı axıdaaxıda ölürlər.

Rəvayətə görə, qızların qəm-qubar dolu göz yaşları dumduru bulaq suyuna çevrilib axır. O vaxtdan həmin göz yaşları bir-birinə qarışaraq axıb ananın göz yaşlarına qovuşur, haradasa itmiş qardaşlarını axtarırlar. İndi də yan-yana düzülüb dumduru göz yaşı kimi axan həmin bulaqlar el arasında “Yeddi bulaq” adıyla tanınır.