Məzmuna keç

Yeddidi (Çoban Məhəmməd)

Vikimənbə saytından
Yeddidi (Çoban Məhəmməd)
Müəllif: Çoban Məhəmməd
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 44

Məğrurluq eyləyib, ustadam deyən,
О hansı ağacdı, tağı yeddidi?
О ağacda bir quş yuva salıbdı,
Çarpaz sinəsinin dağı yeddidi.

Bir hikmət görmüşəm, xəyalım çaşıb,
Huş başımdan gedib, dilim dolaşıb,
Şahın qulluğunda bir qul əyləşib,
Bədən birdi, əl-ayağı yeddidi.

Bir ali məclisdə var yeddi sağı,
Dolanır, dövr edir, yox əl-ayağı.
Nə piltəsi vardır, nə də ki, yağı,
Şölə çəkən şux çırağı yeddidi.

Onun gərdişində bir azca ləng var,
Aləmə ayandı, görünür aşkar.
Bir kasa içində on beş irəng var,
Qarası yeddidi, ağı yeddidi?

Məhəmməd, sözlərin de, müttəsildi,
Nə oldu, dəhnədən suyu kəsildi?
İl uzunu ona bahar fəsildi,
O hansı bağbandı, bağı yeddidi?