Məzmuna keç

Yenə bir leylivəş yara dil verdik

Vikimənbə saytından
Yenə bir leylivəş yara dil verdik
Müəllif: Molla Vəli Vidadi


Yenə bir leylivəş yara dil verdik,
Könül Məcnun təki divanələnmiş,
Atəşi-eşqindən dil kəbab olmuş,
Dolanır, çövrünür pərvanələnmiş.

Apardı ağlımı bir ahü gözlü,
Bir bənövşə buylu, bir lalə üzlü,
Bir şirin göftarlı, bir şəkər sözlü,
Ağzı sədəf, dişi dürdanələnmiş.

Düşübdür xəyalım yarın ruyinə,
Can quşu bənd olub zülfü muyinə,
Salıbdır meylini yarın kuyinə,
Əqlü huşum məndən biganələnmiş.

Ta ki, xəbər gəldi xublar şuxundan,
Əl çəkdim cahanın varü yoxundan.
Qəmzə xəncərindən, müjgan oxundan
Cigər parə-parə, dil şanələnmiş.

Vidadi xəstəyəm, ey gözüm sağı,
Artıbdır sinəmin düyünü, dağı,
Bir qəmzəsi qanlı, hərami, yağı,
Çapdı könlüm şəhrin, viranələnmiş.