Məzmuna keç

Yeni gənc

Vikimənbə saytından
Yeni gənc
Müəllif: Mikayıl Müşfiq

Mən çəlik ürəkli bir yeni gəncim,
Dildən-dilə düşmüş hekayətim var.
Həyat nəşəsilə titrəyir içim,
Parlaq gələcəyim, nəhayətim var.
 
Bir parça atəşim, bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir dağın.
Qarşımda duramaz nə sel, nə daşqın,
Təbiətlə mənim zərafətim var.
 
Sevgim mübarizə, sevgilim həyat,
Yəhərlənmiş mana qanadlı bir at.
Gör nə deyir sizə çaldığım qanat:
Hələ bundan sonra qiyamətim var.