Məzmuna keç

Yer tanrısı

Vikimənbə saytından
Yer tanrısı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri vardı, biri yoxdu, bir adam vardı. Həmin adam gecəgündüz işləyirdi, amma lüt idi ki, lüt idi. Başa düşə bilmirdi, niyə qonşularının hamısı dövlətlidir, bircə özü kasıbdı. Adam Göy tanrısını axtarıb tapmaq və bunun səbəbini soruşmaq qərarına gəldi.

Adam uzun müddət yol yordu, doxsan gün idi ki, komasını tərk eləmişdi, lakin Göy tanrısı hələ çox uzaqda idi. Günlərin bir günü meşəyə yaxınlaşdı. Hava qaralmışdı. O, gecələmək üçün ağacın altında özünə yer düzəltdi, lakin saysız-hesabsız ağcaqanadlar yatmağa aman vermədilər. Adam bir ağac kəsib tonqal qaladı. Nəhəng tüstü dumanı düz səmayacan ucaldı. Göy tanrısı boğucu tüstüdən narahat olub Yer tanrısından soruşdu:

– Niyə insanlar bir dəfəyə bu qədər buxur çubuğu yandırıblar?

Yer tanrısı cavab verə bilmədi və məsələdən agah olmaq üçün yerə uçmağı qərara aldı. Yer tanrısı özünü tonqalın yanındakı adama yetirdi və soruşdu:

– Niyə belə böyük tonqal qalamısan, qəribə insan?

Kasıb cavab verdi:

– Mən Göy tanrısını axtarıram, ondan soruşmaq istəyirəm ki, niyə mənim qonşularım dövlətlidirlər, mən isə ömrüm boyu kasıbçılıq içində yaşayıram.

– Yaxşı, mən Göy tanrısından xahiş edərəm ki, sənə yüzillik ömür bəxş etsin.

– Yox, mənə yüzillik kasıb ömür lazım deyil. Otuz ilə də razıyam, təki bolluq içində, yaşayım.

– Yaxşı, mən bunu Göy tanrısına çatdıraram, sən bircə tonqalı söndür.

Yer tanrısı sözünü bitirib getmək istəyirdi, birdən adam onun köynəyinin yaxasından yapışıb qışqırdı:

– Yox, mən səni buraxmayacağam. Doxsan gündü ki, yol yorğunuyam və heç cür Göyə gedib çata bilmirəm. Sən məni özünlə aparmalısan, Göy tanrısının ədalətsizliyini ona özüm demək istəyirəm.

Adam Yer tanrısının köynəyinin yaxasından daha bərk yapışdı. Tanrı qəzəbləndi:

– O! Sən ki belə kobudsan, Göy tanrısına məsləhət görərəm ki, səni lap lütləşdirsin!

Yer tanrısı fikirləşdi ki, hədəsi insanı qorxudar, lakin adam onun saçından tutub tanrını kötəkləməyə başladı və adamın xahişini yerinə yetirəcəyini vəd elədi.

Bir müddətdən sonra var-dövlət həmin adamın başından aşmağa başladı, lakin vaxt keçib gedirdi və ölüm yaxınlaşmaqda idi. Adam öz əmlakını kasıb-kusublara payladı və onlar Göy tanrısına yalvarmağa başladılar ki, bu xeyirxah adamın ömrünü uzatsın. Göy tanrısı razılaşdı və insan yüz yaşınadək ömür sürdü.