Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim
Görünüş
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim Müəllif: Şah İsmayıl Xətai |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim.
Gövhərin yekdanəsindən iləri pərgar idim.
Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,
Yeri-gögü, ərşi-kürsi yaradan səttar idim.
Gah Hüseynlən belə pustumu soydu qazilər,
Gah da Mənsur donuna girdim, ənəlhəq car idim.
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim.
On səkkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.
Dünyasından mən onun sirrin bilirdim, ol mənim,
Dəryanın altındakı sac qızdıran ənnar idim.
Mən Xətaiyəm, həqqi həqq tanımışam bigüman,
Onun üçün ol yaratdı, mən ona dərkar idim.