Yeridi (Aşıq Hüseyn Bozalqanlı)

Vikimənbə saytından
Yeridi
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.


Çərşənbə günündə xas axşamında,
Sallandı qarşımda sona yeridi.
Başını oynatdı, gözüylə güldü,
Bir ox vurdu, şirin cana yeridi.

Quba qaz yerişli, maral baxışlı,
İnnabı dodaqlı, mirvari dişli,
Ucu gülabatın, xurmayı saçlı,
Telində şirmayı şana yeridi.

Yoxdur gözəlliyə qüsur, bəhana,
Camalın şöləsi düşüb cahana,
Hüseyni eylədi dəli-divana,
Məcnun kimi biyabana yeridi.