Yeridi (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yeridi Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Ey ariflər, eynim yaş ilə doldu,
Sel-sel oldu, üzüm üstə yeridi.
Aləmi-röyada gördüm camalın,
Elə bildim mələklərin biridi.
Qızıl gülü dəstə-dəstə dərəm mən,
Dərib-dərib pünhan yerə sərəm mən,
Əhdim budu, bir də yarı görəm mən,
Gözüm gözlərinin intizarıdı.
Əzəl başdan belə yazıldı yazı,
Şirindi söhbəti, şirindi sazı,
Gəncə şəhərində Ziyad xan qızı,
Qurbanini oda salan Pəridi.