Yerində (Aşıq Bəsti)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yerində (Aşıq Bəsti)
Müəllif: Aşıq Bəsti
Mənbə: Aşıq Bəsti (2013). Bənövşələr (az). Gəncə. Orijinal mənbədən 2018-09-14 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-14.

Mən sənə nə deyim dağlar, a dağlar,
Qoymadın qalmağa yarı yerində.
Quşdil3 Süleymana xəbər eyləyin,
Dünyayam, durmuşam, qarı yerində.

Dərdimi söylərəm, bəylər qan eylər,
Qaşqabağın tökər, dağ duman eylər.
Fələk məni hər gün imtahan eylər,
Görəndə ağlaram, sarı yerində.

Sevgi hekayətim bulaqda qaldı,
Qurudu göz yaşım yanaqda qaldı.
Bəsti, gülməyimiz nə vaxta qaldı?
Qoymazlar danışım, barı yerində.