Bu gün bir əcayib gördüm,
Təşbehi heyvana yetər;
Ariflər, uzaq düşməyin,
Nisbəti ilana yetər;
Cəsədi qüdrətdəndi,
Əməli insana yetər;
Hərdən ki, nərə çəkər,
Sədası ümmana yetər.
Yeddi bağırsağı var,
Qarnında aşkar dolanır;
Yalnız ki mən demirəm,
Onu görən hamı qanır.
Əjdahalar, pələnglər
Görəndə candan usanır;
Başını götürüb qaçar,
Hərəsi bir yana yetər.
Dümbünü çəkibdilər
Cəsədindən yen ziyada;
Adlanıb, isbatlanıb,
Hər tərəfə salıb səda;
Bəyləri minər gəzər,
Heç yana getməz piyada;
Nə ayağı yerdədi,
Nə səri asmana yetər.
Məqədindən taam yeyir,
Qəyy eyləyir dəhanından;
O vaxtında qarşı duran
Gərək ki, keçsin canından;
Üz görməz qardaşına,
Xof eyləməz düşmanından;
Hər kimə xişm ilə baxsa,
Ölməsə də, cana yetər.
Onun xörəyini deyim,
Təşbehi quş yumurtası;
Qarnında zikr eləyir,
Insana yetişir səsi;
Dilini ona vuranda,
Çıxır bir üryan balası;
Qanadı yox, quyruğu yox,
Uçar, biyabana yetər.
Hər kəsə nəfəsi dəysə,
Ölməsə də gedər huşdan;
Üç yerindən kəməri var,
Qurşayıb zərü gümüşdən.
Aşıq Ələsgər deyər:
Hər kəs baş tapsa bu işdən,
Ona bir tərif deyərəm,
Gedər Alosmana yetər.