Məzmuna keç

Yetişdim (Aşıq Alı)

Vikimənbə saytından
Yetişdim
Müəllif: Aşıq Alı

Min cövrü-cəfayla yarıma çatdım,
Ömrümə nəqş olan sana yetişdim.
İqbalımı xab evindən oyatdım,
Vəsli-yarla bir zamana yetişdim.

İlqarına sadiq yarıma əhsən,
Yaraşır şəninə yüz dastan desən.
Hicran anlarıydı ömürdən kəsən,
Vəsli-yarla mən amana yetişdim.

Sərvi qəddi, gül camalı tamaşa,
Şəhla göz yaraşır o hilal qaşa.
Təkrarsız xəlq olub ayaqdan başa,
Kamallı kamilə cana yetişdim.

Bəstidi Alının həyat növrağı,
Bəyaz sinəsidi cənnətin bağı,
Açıldı üzümə vüsal otağı,
Sanki taxtı-Süleymana yetişdim.