Yetim qız
Yetim qız Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir şəhərdə bir yetim qız varıymış. Bu qızın heç kimi yoxuymuş. Qız o qədər gözəliymiş ki, bir baxan deyərmiş ki, nə olaydı ona bir də baxaydım. Elə bil ki, huri-mələk, şəhla gözlü, şirin sözlü, hilal qaşlı, balınc döşlü, fındıx burunlu, açıq alınlı, güləbatın ətəyi, dili bal pətəyi, dişləri inci, gəl məni gör, dərdimnən öl... Bu yetim qız abır-ismətnən dolanırmış. Bir gün qız bulaxdan su doldurduğu yerdə şəhər darğası qızı görür.
Qızın gözəlliyinə vurulur. Öz-özünə deyir: “Nə olur-olsun, gərək o qızı alam”. Darğa qızın dalına düşüb əhvalatı qıza söyləyir: – Mən səni almaq istəyirəm. Qız deyir: – Ay darğa, sən yekə kişisən, özü də evdə arvad-uşağın var, sürsüfətindən də lap əntərə oxşayırsan, mən sənə getmərəm. Darğa deyir: – Mən səni zornan alacam. Qız deyir, darğa deyir, qız razı olmur ki, olmur. Axırda darğa deyir: – Bax, mənə gəlirsən gəl, gəlmirsən gedib qazının1 yanına sənə şər atacam ki, mənim danamı oğurlayıbsan. Qız deyir: – Şər atmırsan, nə istəyirsən elə. Darğa bir-iki toyux-cücə də götürüb gedir qazının yanına, üzünə hiylə niqabın geyib deyir: – Qazı ağa, filan qız mənim danamı oğurlayıb, ona ağır cəza ver. Qazı toyux-cücəni görən kimi baş üstə deyib o saat qızı çağırtdırır: – Ay qız, utanmırsan, kişinin danasını oğurlayırsan? – Ay qazı ağa, sən nə bilirsən ki, mən onun danasını oğurlamışam? – Kişi özü deyir. – Nə olsun ki, özü deyir, mən də özüm deyirəm ki, bu işdən xəbərim yoxdu, o mənə şər atır. Qazı höcətliyinə salıb deyir: – Ay qız, sənə deyirəm ki, kişi düz deyir. Qız deyir: – Qazı ağa, mən görürəm ki, səndə ədalət yoxdu. Heç şeydən xəbərin olmaya-olmaya bir şər-xətanın birinə inanıb adama cəza verirsən. İndi ki, belə oldu, nə istəyirsən elə. Qazı bir gözaltı qıza baxıb görür ki, zalım qızı elə bil bir ay parçasıdı. Ürəyində öz-özünə deyir ki, bir təhər darğanı əksəm, elə bu qızı özüm alaram. Üzünü darğaya tutub deyir: – Darğa, sən haqlısan, indi dur get evinə, mən bunun tənbehin özüm eləyərəm. Darğa durub gedəndən sonra qazı deyir: – Qızım, özün görürsən sənin cəzan böyükdü. Gəl sən mənə arvad ol, taxsırınnan keçim. Qız deyir: – Qazı ağa, mən oğru deyiləm, zornan məni taxsırlandırırsan, bir də lap oğru da olsam, heç sənə ərə gəlmərəm, babam yerində kişisən. Qazı ayağa durub başlayır qıza əl atmağa. Qız görür ki, yox, qazı hadağadan çıxıbdı, ona bir şillə çəkib deyir: – Kafdar, əlini özündə saxla! Qız qazını vurub qapıdan çıxandan sonra qazı görür ki, gedib camaatın yanında onu biabır eləyəcək, tez durub başı odlu gedir padşahın yanına: – Padşah sar olsun, burda bir qız var, hər yerdə yalannan yayır ki, padşah pis adamdı. Mən də çağırıb istədim ona cəza verəm, başladı mənə şər atmağa. Padşah o saat qızı yanına çağırtdırıb deyir: – Ay qız, bu nə işdi? Sən məni pisləyirsən? Qız başına gələn əhvalatı tamam-kamal padşaha danışır. Padşah da yaman şorgöz adamıymış. Görür qız çox gözəldi. O saat bir könüldən min könülə aşiq olur qıza. Padşah deyir: – Qızım, əgər mənə gəlsən səni öldürtmərəm. Qız görür ki, hiylə işlətməsə, bunun əlindən qurtara bilməyəcək. Deyir: – Padşah sağ olsun, mən sənə ərə gedərəm, amma gərək heç kim hələ bu işi bilməsin. Sabah yox, biri gün axşam şər qarışanda gəl bizə, evdə təkciyəm, orda danışax. Padşah bu işə razı olur. Qız ordan çıxıb gəlir qazının, darğanın yanına. Onları da tək-tək tutub deyir ki, sabah yox, birisi gün axşam şər qarışanda gəl bizə, evdə danışarıx. Qız bunları burda qoyub gəlir evə, bir kənkan tapıb evin ortasında dərin bir quyu qazdırır. İki qara qazan da su qaynadır. Qız qonşularından bir qoca arvada da tapşırır ki, axşam şər qarışanda gəl bizə, söhbət eləyək. Qız bu işləri görüb qurtarır. Vaxt gəlib çatır. Hamıdan qabax darğa gəlir Qız darğanı bir az dilə tutub başlayır söhbətə, elə bu vaxt birdən qapı döyülür. Darğa deyir: – Kimdi gələn? Qız deyir: – Ərimdi! Darğa deyir: – Bəs mən neyləyim? Qız deyir: – Gəl səni gizlədim. Qız darğanın belinə ip bağlayıb sallayır evin ortasındakı quyuya ki, burda qal, sonra çəkib çıxardaram. Qız darğanı quyuya sallayandan sonra durub qapını açır. Bu dəfə də qazı içəri girir. Qız bir az qazıynan söhbət eləyir. Birdən yenə qapı tıqqıldayır. İndi də qazı deyir: – Bəs mən harda gizlənim? Qız onun da belinə ip bağlayıb quyuya sallayır. Sonra qapını açıb padşahı içəri buraxır. Bir azdan sonra yenə də qapı döyülür. İndi də padşah qorxuya düşür. Qız padşahı da kəndirnən quyuya sallayır. Bu dəfə gələn qızın qonşuluğundakı qarı imiş. Qız qarını içəri çağırıb bir az ordan-burdan söhbət eləyir. Qarı deyir: – A qızım, bu qazanlar nədi asıbsan? Qız deyir: – Vallah bu evin ortasındakı quyuda çoxlu cür-cücü, ilan-çayan var, bu suyu qaynadıram ki, döküb onları yandıram. Durub qarıynan qız qazanları sürüyə-sürüyə quyunun yanına gətirib suyu əndərirlər quyunun tərkinə, qaynar su padşahı, qazını, darğanı tamam yandırır. Qarı durub gedəndən sonra qız baxıb görür ki, quyudakılar yanıb ölüblər. Kəndirin ucuna qarmax bağlayıb quyudan meyidləri bir-bir çəkib çıxardır, ağa bükür. Fikirləşir ki, mən bunları necə gizlədim? Elə bu fikirnən məhliyə çıxır, bir də görür ki, bir çoban qabarında da bir eşşək gedir. Tez çobanı çağırıb deyir: – Çoban qardaş, mənim dədəm ölüb, aparıb onu basdırsan sənə pul verərəm, amma dərin yerə basdır, yaman üzlü ölüdü, çıxıb qəbirdən gəlməsin. Çoban razı olur. Meyidi aparıb basdırır. Qız o gələnə kimi meyidin birini də kəfənləyib yerə uzadır. Çoban ölünü basdırandan sonra gəlib görür ki, kəfənli bir ölü da var. Qız çobana deyir: – Çoban qardaş, mən sənə demədimmi bu ölü yaman üzlüdü, onu dərin basdır ki, çıxıb qaçmasın. Çoban deyir: – Bacı, bu dəfə elə yerə aparacam ki, heç babası da gəlsə qaça bilməsin. Çoban meyidi eşşəyə yükləyib aparır bir dağın başında hündür bir qayadan atır yerə ki, əzilsin, sonra basdırsın. Çoban meyidi qayadan atanda demə qayanın altında bir molla namaz qılırmış. Molla görür ki, göydən ölü tökülür. Namazı yarımçıq qoyub başlayır qaçmağa. Çoban qayanın başından baxıb görür ki, bir adam qaçır, elə bilir ölü dirilib qaçır, yüyürüb mollanı tutur. – Səni gorbagor olasan, köpək oğlunun ölüsü, adamın da bir həyası olar. Niyə dirilib qaçırsan, – deyib çomağı endirir mollanın təpəsinə. Molla tir kimi düşür yerə. Çoban yer qazıb mollanı basdırır. Çoban gələnə kimi qız ölünün birini də kəfənləyib uzadır. Çoban içəri girən kimi qız deyir: – Ay çoban qardaş, axı mən sənə dedim bu ölü yaman həyasızdı, onu dərin yerdə basdır, amma bax, hələ səndən qabax ölü dirilib gəlib. Çoban deyir: – Bu zalım oğlu nə həyasızdı. Çoban söyə-söyə ölünü eşşəyə yükləyib aparır bir dəyirmanın yanına. Meyidi salır dəyirmanın nodanına ki, çarxa ilişib tikə-tikə olsun. Demə dəyirmançı suyun ayağında çimirmiş. Çoban elə bilir ki, bu həmən ölüdü dirilib. Tez çomağı götürüb cumur dəyirmançının üstünə o qədər vurur ki, kişinin canı çıxır. Çoban deyir: – Pa atonnan, əyə, bu nə həyasız ölüdü. Dəyirmanın gözünnən ölü saldım diri çıxdı. Çoban yenə gəlir qızın yanına. Bu dəfə görür ki, daha ölü dirilib gəlməyib. Çoban qızdan haqqını alıb gedir. Qız da arxayın, asudə yaşayır. Göydən üç alma düşdü, biri mənim, biri qızın, biri də çobanın.