Məzmuna keç

Yetmədi (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yetmədi
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Ömrüm ah-vay ilə kеçdi dünyada,
Həsrət qaldım, əlim yara yеtmədi.
Nеçə namə yazdım canan еlinə,
Hеç birisi o diyara yеtmədi.

Nə doyunca nazlı yarı görmədim,
Nə dilimlə əhvalını sormadım,
Bağ bəslədim, qönçə gülün dərmədim,
Xəzan oldu, bağçam bara yеtmədi.

Dağların köysündə qar nişanası,
Gül üstə görünür xar nişanası,
Ölürəm, qəlbimdə yar nişanası,
Gözü yolda, intizara yеtmədi.

Gözü yaşlı, еy füqəra Ələsgər,
İşi əysik, baxtı qara Ələsgər,
Olmadı dərdinə çara, Ələsgər,
Həsrət əlin o dildara yеtmədi.