Məzmuna keç

Yetməz

Vikimənbə saytından
Yetməz (XV əsr)
Müəllif: Ozan İbrahim
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Barilahim bu nə işdi,
Haqq işim divana yetməz.
Öz-özünü adil bilən,
Günahsız qurbana yetməz.

Şübhəm yoxdu doğru sözdə,
Astarım görükər üzdə,
Gözüm qalar yolda, izdə,
Dildarım peymana yetməz.

Namərd, dosta olmaz həyan,
Haram sevda etmə bəyan.
Bu mədarla ötər dövran,
Xoş günün dövrana yetməz.

Hər pay xudadan qismətdir,
Payım başıma minnətdir.
Yaxşılıq elə, nemətdir,
Qeydimə qalana yetməz.

Vaxtında tədbir qılmasa,
Söz tapıb inci bulmasa,
Dərsini pirdən almasa,
İbrahim ozana yetməz.