Məzmuna keç

Yeyəndə ortaq qardaş

Vikimənbə saytından
Nağıllar. Yeyəndə ortaq qardaş
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədim zamanlarda Cek O‘Kent adlı bir kəndli yaşayırdı. Kəndlinin Herfordşir mahalında Kenterq yaxınlığında bir zolaq torpağı vardı. Torpağın yetirdiyi məhsul kəndlinin ailəsinə güclə çatır, yarıac-yarıtox birtəhər başlarını dolandırırdılar. Torpağın məhsulu aşıb-daşanda belə Cek O‘Kent kasıblığın daşını ata bilmirdi. Günlərin bir günü torpaq sahəsini şumlayan Cek O‘Kent sahənin kənarına çatanda dönüb geri qayıtmaq istəyirdi ki, birdən başını yuxarı qaldırıb qarşısında dayanmış bir qulyabanı gördü. Ayaqlarını aralı qoyub dayanmış qulyabanı əllərini sinəsində çarpazlayıb kəndlini hirsli-hirsli süzürdü.
– Bura mənim torpaq sahəmdir, – qulyabanı donquldandı.
– Sənin burda nə itin azıb?
Canına vahimə düşmüş Cek O‘Kent qorxduğunu büruzə verməyib sakitcə təmkinlə cavab verdi:
– Çoxdandır ki, bu yerlərdə görünmürsən. Odur ki, sahəni sənin üçün şumlamışam ki, xətrin nə istəsə əkəsən.
– Bu mənim torpaq sahəmdir, – qulyabanı tüklü sinəsini qaşıya-qaşıya təkrar etdi, – qoy sən deyən olsun, torpağı mənimçün şumlayıb hazırlaya bilərsən.
– Çox yaxşı, – azca cürətlənən kəndli dedi. – Bəs məhsulu mənimlə bölsək necə? Əgər narazı olmasan, mən işləyərəm, sən isə zəhmətimin əvəzində məhsulun yarısını mənə verərsən.
Qulyabanı çirkli qabarlı əli ilə kotandan yapışıb soruşdu:
– Axı məhsulu necə bölüşdürəcəyik?
Cek O‘Kent bir an fikrə gedib sonra cavab verdi:
– Bu il sən torpağın üzündə olanların hamısına sahib durarsan, torpağın altında qalanlar da mənim olar. Belə ki, kökü mənim, yarpaqları sənin olsun.
Kəndlinin şərti ilə razılaşan qulyabanı söz verdi ki, payızda gəlib onun payına düşən məhsulu toplayacaq. Qulyabanı şumlanmış torpağın üstündə qıçlarını sürüyə-sürüyə çəpərdən aşıb keçmək üçün nərdivan axtardı, lakin heç nə tapmayıb ləngər vura-vura özünü deşiyə soxdu. Mat-məəttəl qalmış kəndli dayanıb qulyabanıya tamaşa edirdi.
Həmin il kəndli torpaq sahəsinə turp əkdi. Qulyabanı öz payını yığıb aparmaq üçün gəldi. Ona düşən pay turpun zibildən başqa heç nəyə yaramayan yarpaqları oldu. Cek O‘Kent isə iriiri yumru kökləri yığışdırıb evinə apardı və anbara yığdı. Hirs qulyabanının beyninə vurdu, dişi bağırsağını kəsdi, özünü itirdi, amma heç nə edə bilmədi, çünki müqaviləyə vicdanla əməl edilmişdi. Faydalı bir şey tapmaq ümidi ilə yarpaq tayasının içərisində uzun müddət eşələndi, amma xeyri olmadı. Nəhayət qulyabanı dedi:
– Gələn il müqaviləni tərsinə bağlayarıq. Kökləri mənim olar, yarpaqları isə sənin.
Qulyabanının bu təklifi Cek O‘Kentin ürəyindən oldu. Bu dəfə o, torpağı şumlayıb mala çəkdi və toxumluq buğda səpdi. Buğda biçilib axırıncı qızılı dərzlər arabaya yığılanda qulyabanı gəlib çıxdı. Qadınlar, kişilər, oğlanlar, qızlar – bütün biçinçilər zəhmət nəğməsi oxuyurdu. Zorba, güclü bir at isə tüklü ayaqlarını aram-aram atıb təntənə ilə və ehmalca qiymətli dərzləri Cek O‘Kentin həyətinə daşıyırdı.
Qulyabanının dərhal ağlına gəlmədi ki, ona yenə kələk gəliblər. Bir an sonra başa düşdü ki, turp yarpağı kimi, kövşənin köklərinin də heç bir faydası yoxdur. Anladı ki, küləş köklərini yolub torpaqdan çıxartmağa dəyməz.
Amma məhsul bayramı keçiriləndə hamı qulyabanı ilə xoş rəftar etdi. Qulyabanı yaxşıca içdi, bir-iki parça isti pudinq çeynəyib uddu və hətta ciqa oynamağa cəhd etdi, lakin rəqqasələrin yanına çatmamış ayağı ilişib üzü üstə yerə dəydi. Bundan sonra bir küncə çəkilib səssiz-səmirsiz oturdu. Şənlik edənlərə tamaşa etdi. Məhsul bayramı sona yetib biçinçilər evə dağılışandan sonra qulyabanı dilə gəldi:
– Bura bax, Cek, belə çıxır ki, sən yamanca kələkbazsan ha! Gəlsənə bu dəfə sadəcə olaraq torpağın üstündə bitən məhsulu tən yarı bölək.
Qulyabanı bədheybət pəncəsini Cekin çiyninə qoyub sınayıcı nəzərlərlə ona baxdı.
– Gəl birlikdə işləyək və kim nə qədər bacarır biçib özünə götürsün.
Cek O‘Kent razılaşdı və qulyabanı axsaya-axsaya çıxıb getdi. Bu dəfə də torpaq sahəsində bol buğda bitdi. Zəmiyə baxanda adamın qəlbi fərəhlənirdi. Külək vuranda qızılı sünbüllər dalğalanan dənizi xatırladırdı.
Cek O‘Kent dəmirçinin yanına getdi. Dəmirçi onunçün hər biri üç fut uzunluqda yoğun dəmir çubuqlar düzəltdi. Cek dəmir çubuqları gətirib dağınıq halda qulyabanının biçəcəyi torpaq sahəsinə sancdı.
Gücünü sınamaq vaxtı gəlib çatanda hər iki biçinçi əvvəlcədən dəryazlarını bülövlədi. Yaxınlıqdakı kilsənin saatı beşi vuran kimi onlar işə girişdilər.
Cek payına düşən sahəni sürətlə biçə-biçə irəlilədi. Onun çəkdiyi dəryaz xışıltı ilə sünbülləri biçib torpağa tökdü. Amma qulyabanının işi yaxşı getmirdi. Güclə 12 yard yerin sünbülünü biçməmiş dəryazının ağzı tamam korşaldı.
– Ey, bura bax, mən gərək bir az nəfəsimi dərib dincimi alam, – qulyabanı ucadan dedi və bildirdi ki, ona dəryazının ağzını bülövə çəkmək lazımdır.
Cek gülümsəyib işinə davam etdi. Qulyabanıdan iki dəfə çox sahənin taxılını biçdi.
– Ay qardaş, bu sahə daş kimi möhkəm pıtraqla doludur. Pıtraqların sapları dəmir çubuq kimi möhkəmdir, – ağzı sınıb diş-diş olmuş dəryaza göz gəzdirən qulyabanı şikayətləndi.
Taxılı biçə-biçə uzaqlaşmış Cek heç qulyabanının səsini də eşitmədi. Gün qalxıb günorta oldu va sahəyə düşmüş şeh buxarlanıb yoxa çıxdı. Qulyabanının işi heç getmədi. O, ağzı əyilib tökülmüş dəryazla taxılı biçə bilmədi. Hətta dəmir çubuqlar sancılmamış talalara rast gəlsə də işləyə bilmədi. Nəhayət, cana doyub dəryazı biçənəyə çırpdı.
– Götür bu məlun, lənətə gəlmiş torpaq sahəni, – qulyabanı ümidsiz halda dilləndi. – Başına dəysin belə torpaq! Qoy hamısı sənin olsun. Bir də mənim ayağım bu yerlərə dəyməyəcək. Sən də, sənin bu sahən də mənim canımı boğazıma yığıb.
Bunu deyib qulyabanı oradan uzaqlaşdı və bir daha Cekin torpaq sahəsində gözə görünmədi. Cek qulyabanının sahəyə atdığı ağzı əyilmiş dəryazı aparıb anbardan asdı.
Bəli, bax indi Cekin nəvəsi bu dəryazı şəstlə öz dostlarına əşyayi-dəlil kimi göstərib cavan kəndliləri inandırmağa çalışır ki, heç vaxt heç nədən qorxmaq lazım deyil; çünki aqil adamlar həmişə öz ağlı ilə tündməcazlara üstün gəlirlər.