Yol vermədim
Görünüş
Yol vermədim Müəllif: Miskin Abdal |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Xoşbəyanlıq virdim oldu, böhtana yol vermədim,
Şirin süxən əndəlibəm, hədyana yol vermədim.
Nifrin edib, lənət dedim xainə, iblislərə,
Qəlbimi ayna saxladım, nadana yol vermədim.
Bir bəşəri incitmədim, özümü şah saymadım,
Dostum sirrini söyləyib, dildən-dilə yaymadım,
Ömür qısa, dünya əzəl, çox yaşadım, doymadım,
Dür mətaha meydan açdım, tək cana yol vermədim.
Aşıq olub dərs alanlar söz desin sözüm kimi,
Miskin Abdal, məğrur istə hammı özün kimi,
Arifi, mətləb qananı bilirəm gözüm kimi,
Sinəm üstən mərd yeridi, şeytana yol vermədim.