Məzmuna keç

Yol yoldaşlarından birinin İsa Məsihdən sümükləri diriltməyi xahiş etməsi

Vikimənbə saytından
Yol yoldaşlarından birinin İsa Məsihdən sümükləri diriltməyi xahiş etməsi
Müəllif: Mövlana Cəlaləddin Rumi


İsa Məsihlə bir gün bir əbləh oldu yoldaş,
Bir qəbirdə sümüklər görüb dedi: - Ey «qardaş»!
Sənin adın məşhurdur,İsa «Ruhullah» kimi!
Ölüyə can verirsən, Sən də Bir Allah kimi!
Bu sirri mənə öyrət, edim hamıya ehsan!
Sümüklərə can verib, həyatı edim asan.
Dedi: - Sus! Çox danışma, bu sənin işin deyil!
Nəfəs vermək, can vermək sənin yerişin deyil!
O nəfəs olmalıdır, yağışlardan daha pak!
Hərəkətdə, yerişdə mələklərdən daha pak!
Ömür son nəfəsədək, saf dinə olmalıdır!
İmanda, Tanrı üçün xəzinə olmalıdır!
Bax, özün də tutmusan, sağ əlinə sən əsa!
Musa əlinə oxşar, əl varmı tutsun əsa?!
Dedi: - Mən deyiləmsə, sirlər oxuyan əgər?
Sən də sümüyə ad ver, gör başına nə gələr?
İsa dedi: - Ey Rəbbim, bu nə sirdir ki, belə?!
Bu əbləhin beynində istək nədir ki, belə?!
Özü xəstə olsa da öz qəmində deyildir?!
Bu murdarı neyləyim, öz dəmində deyildir?!
Özü bir ölü kimi öz halına yanmayır?
Başqa ölü diriltmək, arzusun bəyanlayır?!
Haqq dedi: – Bədbəxt özü, başqa bədbəxti anar!
Tikan, tikan olsa da tikanlığını danar!
Hər kim tikan toxumu, əksə cahanımızda!
Heç axtarma onu Sən, bu gülüstanımızda!
Əgər o gül götürsə ovcuna tikan olar!
Və əgər yar olarsa, sonuçda ilan olar!
İlanın zəhərinin əsasıdır o xəbis!
Möminin hikmətinin cəzasıdır o xəbis!
Sözünə, əməlinə etimad göstərmə sən!
O söyüd ağacıdır, söyüddən bar görməzsən!