Yollarda qalıb, ey gözümün nuru, gözüm sənsiz

Vikimənbə saytından
Yollarda qalıb, ey gözümün nuru, gözüm sənsiz
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 80

Yollarda qalıb, ey gözümün nuru, gözüm sənsiz,
Sənsizliyə heç məndə dözüm yoxdu dözüm sənsiz.

Ey tutiyi-şirin süxənim, leylivəşim, əmr et,
Dağlarda vurum tişəni, səhranı gəzim sənsiz.

Hicran odu yandırdı məni-zarı nə yandırdı,
Küsmüş qələmim, kükrəmir ilham dənizim sənsiz.

Sayəndə, gün üzlüm, ucalıq tapmış idim, dön gəl,
Xəlqin nəzərindən düşər oldum, əzizim, sənsiz.

Sənsiz deyiləm mən o mən, əhv et məni-bədbəxti,
Gəlmir sənə üz tutmağa xiclətdən üzüm sənsiz.

Ey kimsəsizin kimsəsi, ey kimsəsi qəmxari,
Gəl, kimsəmiz ol, bir kəsimiz yoxdu bizim sənsiz.