Yolunda can verənlərin şəhadətin qəbul elə

Vikimənbə saytından
Yolunda can verənlərin şəhadətin qəbul elə
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 47

Yolunda can verənlərin şəhadətin qəbul elə,
Xuda ibadət əhlinin ibadətin qəbul elə.
Ziyarət eyləyənlərin ziyarətin qəbul elə,
Hüseynə xatir əhv qıl, bağışla taət əhlini.

Bəlayi-qəmdən hifz qıl, Xuda, ibadət əhlini,
Divanı tut gədalərə, sevindir iffət əhlini.

Fəqirin Haqqı tapdanıb, qüruru qırılıb, alçalıb,
Ədalət, Haqq itib-batıb, bütün cahanı zülm alıb,
Bir az da səbr qıl, könül, vüsali-Yara az qalıb,
İlahi kama çatdırar bütün məhəbbət əhlini.

Düzüldü səfbəsəf qoşun, tutuldu rahi-Kərbəla,
O dəmdə qalxdı göylərə fəqani-ahi-Kərbəla,
Ki qoydu başın Allahın yolunda Şahi-Kərbəla,
Batırdı qəmə büsbütün o gün həqiqət əhlini.

İnayət etmiş acizə, fəqirə Xətmül-ənbiya,
Füzun edib mürüvvətin, vəfasın ol şəhin Xuda,
Gəlibdir İslam əhlinə ağır vəfati-Müstəfa,
O, sadiq olmuş əhlinə, o sevmiş əlbət əhlini.

Tutar cahanı sovti-sur, verərsə əmri-Girdigar,
Əlində Zülfüqar İmam olar qeybdən aşikar,
Bu Haqsız hakimiyyətin az ömrü qalmış, ey Vüqar,
Sevindirər zühuri-Höccət Haqq-ədalət əhlini.