Yox-yox

Vikimənbə saytından
Yox-yox
Müəllif: Ərzurumlu Əmrah
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Sabahdan uğradım mən bir fidana,
Dedim məxmurmusan? Dedi ki, yox-yox.
Ağ əlləri boğum-boğum xınalı,
Dedim: bayrammıdır? Söylədi: Yox-yox.

Dedim: İnci nədi? Dedi: Dişimdi.
Dedim: Qələm nədi? Dedi: Qaşımdı.
Dedim: On beş nədi? Dedi: Yaşımdı.
Dedim: Daha varmı? Söylədi: Yox-yox.

Dedim: Ölüm vardır. Dedi: Eynimdə.
Dedim: Zülüm vardır. Dedi: Boynumda.
Dedim: Ağ məmələr... Dedi: Qoynumda.
Dedim: Ver ağzıma. Söylədi: Yox-yox.

Dedim: Ərzunım ne? Dedi: Elimdi.
Dedim: Gedərmisən? Dedi: Yolumdu.
Dedim: Əmrah kimdir? Dedi: Qulumdu.
Dedim: Satarmısan? Söylədi: Yox-yox.