Kür qırağının əcəb seyrangahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıfki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Çoxdur ağ bədənli, büllur buxaqlı,
Lalə zənaxdanlı, qönçə dodaqlı.
Amma şirin dilli, açıq qabaqlı,
Könül aşinası, hayıf ki, yoxdur!
Havasından torpağımın, yerinin,
Dadızmaz dəhanın, ləbi-şirinin,
Pəri çoxdur, nə fayda heç birinin
Adamlıq ədası, hayıf ki, yoxdur!
Ucu eşrəfili, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabe qıyqac,
Altında cunası, hayıf ki, yoxdur!
Zər haşiyə al nimtənə üstündə,
Xallar üz yanında, çənə üstündə,
Buxağın altında, sinə üstündə,
Zülfün bunılması, hayıf ki, yoxdur!
Laçın təki başda ala tomağa,
Yaşmağı tutmağa dişə, dodağa,
Cəllad kimi durub qabaq-qabağa
Baxıb can alması, hayıf ki, yoxdur!
Çünki yorğunuyam mən bu yolların,
Bilirəm tərzini hər üsulların,
Gümüş biləklərin, bəyaz (ağ)qolların,
Sarı kəhrəbası, hayıf ki, yoxdur!
Ayna tutub hərdən camal görməsi,
Zülfə, zənəxdana sığal verməsi,
Səhər ala gözün siyah sürməsi,
Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfii kərəmlər,
Belə yerdə qalan, vallah vərəmlər.
Yenə yada düşər bizim sənəmlər,
Getməyin binası, hayıf ki, yoxdur!