Məzmuna keç

Yoxsul qoca və vəzirin nağılı

Vikimənbə saytından
Nağıllar. Yoxsul qoca və vəzirin nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bu qoca kişinin bircə sözü var idi, hər kimsəni görsə ona deyərdi: “Yaxşılara yaxşılıq eylə, pislərə öz pislikləri kifayətdir”. Bir gün padişah səfərdən gəlirdi. Yolda qocaya rast gəldi. Padişah çox tədbirli adam idi. Gördü ki, bu qoca öz özünə danışır. Padişah atını onun yanına sürüb dedi: – Ay qoca, öz özünə niyə danışırsan? Olmaya bir dərdin var? Qoca padişahın üzünə baxıb dedi: – Ey padişah, yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayətdir. Padişah bu sözü çox bəyəndi, dedi: – Qoca, bu sözü sabah gəlib mənim yadıma salarsan. Sabah oldu, qoca durub getdi padişahın qapısına, padişah da qapıcılara demişdi ki, bu sifətdə, bu libasda bir qoca gələcək, onu mənim yanıma buraxarsınız. Qapıçılar da onu içəri buraxdılar. Qoca girdi padişahın huzuruna, dedi: – Ey padişah, yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayət edər. Padişah ona bir söz demədi. Qələmi aldı, bir kağıza bir neçə kəlmə qaraladı, möhürlədi, verdi qocaya dedi: – Aparıb verərsən burda yazılan şəxsə, sabah gələrsən, bu sözü mənim yadıma salarsan. Qoca möhürlü kağızı aparıb çatdırdı yazılan adama. Gördü ki, çox böyük adamdır. Kağızı açdı oxudu, gördü padişah yazıb ki, hərgah məni istəyirsən, bu qocaya bəxşiş verərsən. O adam qocaya çoxlu mal dövlət verib yola saldı. Bu qocamn da bir xasiyyəti vardı ki, əlinə nə düşsəydi, qarşısma çıxan fağırlara paylardı. Bu verilən mal-dövləti oradaca payladı. Sabah oldu. Qoca kişi getdi padişahın huzuruna, dedi: – Ey padişah, yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayət edər. Padişah yenə qələmi götürdü. Bir kağıza bir neçə kəlmə qaraladı, möhürlədi, verdi qocaya, dedi: – Apar ver adı yazılana, sabah yenə gəl mənim yanıma, bu sözü mənim yadıma sal. Qoca kağızı götürüb apardı sahibinə, yenə gördü çox hörmətli adamdır, bu adam kağızı açdı, gördü, yazılıbdır ki, hərgah mənim xətirimi istəyirsən, bu qocaya bəxşiş verərsən. Bu adam da dünənki adam kimi qocaya çoxlu mal dövlət verdi. Qoca da bütün bu mal-dövləti payladı qarşısına çıxan fağırlara. Bu tərəfdən də sizə xəbər verim padişahın qapı vəzirindən: Bu vəzir çox alçaq adam idi. Bir kişiyə yaxşılıq olmasına razı olmazdı. Ondan-bundan padişaha xəbərçilik edərdi. Elə ki, gördü qocaya padişahın çox iltifatı var, xainliyi tutdu, bir hiylə işlətmək fikrinə düşdü. Gəlib padişaha dedi: – O qoca ki, sənin hüzuruna gəlib gedir, kənarda belə deyir ki, padişahın ağzından pis iyi gəlir. Padişah bu sözü eşidib çox qəzəbləndi dedi: – Hərgah bu sözü qoca demiş olsa, mən onu elə cəzalandıraram ki, başqasına da ibrət olar. Amma qocadan belə nalayiq söz çıxmaz. Vəzir dedi: – Bu işi imtihan edərsən, hərgah doğru olmazsa mənə cəza verərsən. Doğru olsa qocaya cəza verərsən. Padişah qəbul etdi. Qoca yenə sabah tezdən padişahın hüzuruna gəlməyə üz qoydu. Vəzir onu yolda görüb dedi: – Ay qoca, görürəm sən yaxşı adamsan, padişahın sənə hörməti var. Nə olar ki, bizim evə də təşrif gətirib bir parça çörəyimizi yeyəsən. Qoca bu sözü qəbul edib getdi vəzirin evinə.Vəzir ona çox sarımsaqlı yeməklər verdi. Sarımsağın iyindən ona yaxınlaşmaq olmurdu. Qoca yeməyi yeyib getdi padişahın hüzuruna. Padişah imtahan etmək üçün qocanı yaxın gəlməyə çağırdı. Qoca ağzından sarımsaq iyi gəldiyinə görə padişahdan kənar durmaq istədi. Padişah yenə çağırdı. Qoca yaxınlaşdı, amma əliylə ağzını örtdü. Padişah bu hal ilə vəzirin sözlərinə inandı. Padişahın bir xasiyyəti vardı ki, o heç zaman cəza üçün kağız yazmazdı. Cəzanı katibler yazardı. Amma bu dəfə çox qəzəbli olduğundan özü kağız götürdü, şəhər hakiminin üstünə yazdı: “Bu kağızı gətirən adamı iki parça edib şəhərin qapısından astırırsan və üstünə yazarsan ki, böhtan atan adamın cəzası budur” Kağızı yenə möhürlədi verdi qocaya. Qoca çıxdı getdi. Vəzir baxdı ki, qoca yenə əlində kağız gəlir, belə güman etdi ki, bu kağızı da padişah bəxşiş üçün yazmışdır. Vəzir tamahkar adam idi, tamah ona güc gəldi. Qocadan o kağızı almaq məqsədi ilə dedi: – Ey Qoca, padişahın sənə hörməti çoxdur, olar ki, o kağızı verəsən mənə, bəxşişi bu dəfə də mən alım? Qoca dedi: – Ey vəzir, mənə dünya malı lazım deyil, mən bu dövləti alıb aclara verirəm. Budur al, kağızı apar, bəxşişi al. Vəzir kağızı aldı, düşdü yola. Çatdı şəhər hakiminin yanına padişahın kağızını ona verdi. Şəhər hakimi möhürü açdı, kağızı oxudu, təəccüblə vəzirə baxdı. Vəzir çox şadlıqla bəxşiş göz-ləyirdi. Tərsinə çıxdı, birdən hakim əmr etdi, vəziri tutub qolunu bağladılar. Vəzir halı belə görəndə ağlayıb dedi: – Ey hakim, bu iş yanlış olub, o adama mən deyiləm, başqa adamdır. Padişahdan soruş, sonra məni öldür. Hakim dedi: – Mən padişahın əmrini poza bilmərəm, mənə borc deyil ki, padişahdan soruşam. Padişah yazıb ki, bu kağızı gətirən adamı iki parça edib şəhər qapısından asarsan. Mən də borcluyam əmri yərinə yetirəm. Hakim əmr etdi, vəziri iki parça edib, şəhər qapısından asdılar. Üstünə də yazdılar: “Böhtan deyənin cəzası budur”. İndi xəbər verək padişahdan. Padişah eşitdi ki, şəhərdə bir adam iki parça edilib. Qoca yadına düşdü. Çox kədərləndi. Tutduğu işdən peşman oldu. Sabah çox kədərli oturmuşdu ki, bir də gördü qoca girdi içəri, dedi: – Ey padişah yaxşılara yaxşılıq et, pislərə öz pislikləri kifayət edər. Padişah çox təəccüb etdi, dedi: – Ey qoca, bu nə işdir, səni öldürmədilər mi? Qoca dedi: – Məni niyə öldürsünlər, padişah sağ olsun? Padişah dedi: – Dünənki kağızı kimə verdin? Qoca dedi: – Dünən kağızı məndən qapı vəziriniz istədi. Mən də verdim ona ki, bəxşişi o alsın. Padişan başa düşdü ki, iki parça edilən vəzirdir. Dedi: – Dünən mən səni çağırdım. Sən nə səbəbə mənim yanıma gəlmək istəmədin? Gələndə də əlin ilə ağzını örtdün? Qoca işi ona nağıl edib dedi: , – Bu işə səbəb o idi ki, qapı vəziri məni qonaq edib çox sarımsaq yedirtmişdi. Mənim ağzımdan sarımsaq iyi gəlirdi. Ona görə də əlimlə ağzımı örtdüm ki, iy sizə yetməsin. Padişah işi tamam öyrənincə bildi ki, bu işlər vəzirin hiyləsidir, qocanın günahı yox imiş. Qocaya öz xəzinəsindən çoxlu mal-dövlət bağışladı, dedi: – Qoca, daha zəhmət çəkib mənim hüzuruma gəlmə, çünkü daha sən dediyin sözlərin nəticəsini gördüm.