Yurd qayğusu
Görünüş
Yurd qayğusu Müəllif: Əli bəy Hüseynzadə |
Ucundadır dilimin,
Həqiqətin əzəmi;
Nə qoydular söyləyim,
Nə kəsdilər dilimi!..
Bilirmisin cühəla
Nə etdilər Vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
Böylə durmaq uyuşuq,
Rəvamı bir diriyə?!
Nə getmədə iləri,
Nə dönmədə geriyə!..
Ədu qırır kapuyu,
Biz evdə bixəbəriz;
Nə başqa başqalarız,
Nə ittihad edəriz!..
Ayıltmadı qələmim
Şu türk ilə əcəmi,
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.