Yusiflə Sənubər
Yusiflə Sənubər Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri varıymış, biri yoxuymuş, keçmiş əyyamda iki qardaş varıymış. Qardaşların ikisi də padşahıymış. Böyük qardaş öz vilayətlərində, o biri qardaş da ayrı bir vilayətdə padşahlıx eləyirmiş. Bu iki padşahın heç birinin övladı olmurmuş. Günlərin bir günü böyük qardaş kiçik qardaşı qonax çağırdı. İki qardaş bu qonaxlıxda yeyib-içib şadlıq elədilər. Gecənin yarısı qonaxlıq qurtardı, adamlar hərə öz evinə getdi, təkcə iki qardaş qaldılar bir yerdə. Qardaşlar ikisi də bir-birinin üzünə baxıb ah çəkdilər. Kiçik qardaş dedi: – Ey qardaş, əvvəlcə sən ah çəkdin, de görüm dərdin nədi?
Böyük qardaş dedi: – Bundan da böyük dərd olarmı ki, bizim bu qədər var-dövlətimiz, cahi-cəlalımız ola, amma bircə övladımız olmuya ki, ölüb gedənnən sonra yerimizdə otura, çırağımızı yandıra. Kiçik qardaş ona ürək-dirək verib dedi: – Neyləyək, bizim baxtımıza belə yazılıbmış, görəsən nə günahımız varıymış ki, belə olmuşuq. Gəl bu gündən fağır-füqəraya, kasıbkusuba əl tutax; nəzir-niyaz paylayax, ehsan verək, bəlkə Allahın rəhmi gələ bizə də bir övlad verə. Qardaşlar o gündən öz əhdlərini yerinə yetirdilər. Qazanlar asdılar, ac qarınları doydurdular, yetim-yesiri söyündürdülər. Günlərin bir günündə bu iki qardaş evdə oturub dərdləşirdilər. Bir də gördülər ki, küçədə qapının ağzında bir dərviş oxuyur ki, səsinnən adamın tükləri biz-biz olur. Padşah əmr elədi ki, gedin o dərviş babanı gətirin mənim yanıma. Adamlar gedib dərvişi gətirdilər padşahın yanına. Dərviş qapıdan içəri girən kimi, ədəb-ərkanla baş əyib salam verdi. Padşah dərvişə yer göstərdi. Dərviş kəşkülünü1, təbərzini yerə qoyub əyləşdi. Dedi: – Şahim, mənə görə nə qullux? Padşah dedi: – Baba dərviş heç, gördüm çox qəşəng oxuyursan, odu ki, çağırdım sənə pay verəm. Dərviş gülüb dedi: – Qibleyi-aləm sağ olsun, mən pay alan dərvişlərdən deyiləm, pay verən dərvişlərdənəm. Padşah dedi: – Baba dərviş, sən mənə nə pay verə bilərsən? Dərviş dedi: – Ürəyində nə mətləbin olsa de, qorxma. Padşah bir ah çəkib dedi: – Eh baba dərviş, biz iki qardaşın mətləbi elədi ki, sən dərdimizə əlac eləyə bilməzsən. Dərviş gördü padşah ona inanmır, sözü uzatmayıb çibindən iki dənə alma çıxartdı. Hərəsini bir qardaşa verib dedi: – Doğrudu, siz dərdinizi mənə demədiniz, amma mən bilirəm. Bu almaları yarı bölüb hərəniz öz övrətinizlə yeyərsiniz. Doqquz ay, doqquz gündən sonra birinizin oğlu, birinizin də qızı olacax. Onda gəlib adlarını da özüm qoyacağam. Dərviş sözünü qurtaran kimi, iki qardaş bir-birinin üzünə, bir də əllərindəki almaya baxdılar. Başlarını qaldıranda gördülər dərviş nə gəzir, elə bil gördükləri yuxuymuş. Tez qapını açıb çıxdılar məhəlləyə ki, dərvişi axtarsınlar. Hər yeri ələk-fələk elədilər, dərvişi tapa bilmədilər. Kor-peşman gəlib oturdular. Axşam hər iki qardaş almaları öz arvadlarıynan yarı bölüb yedilər. Bəli, deyirlər ki, nağıllarda mənzil olmaz. Ay dolandı, həftə keçdi, doqquz ay, doqquz günün tamamında hər iki qardaşın arvadları bari həmillərini yerə qoydular. Böyük qardaşın bir qəşəng oğlu, kiçiyin də gözəl bir qızı oldu. Oğlanla qız gözəllikdə elə bil bir almaydı yarı bölünmüşdü. Bu şad xəbər hər yerə yayıldı. İki qardaş böyük bir məclis düzəltdi. Bütün vəzirlər, vəkillər, darğalar, qazılar hamısı bu məclisə yığıldı. Yedilər, içdilər, şadlıx elədilər. Elə bu vaxtıydı ki, bir də gördülər yenə küçədə bir dərviş səsi gəlir. Padşah o saat əmr elədi ki, gedin görün o köhnə dərvişdisə, gətirin bura. Adamlar gəzib gördülər ki, bu bir kasıb dərviş babanın biridi. Odu ki, gətirmək istəmədilər. Dedilər: – Dərviş baba, neynirsən buralarda? Dərviş bunların ürəyini bilirdi deyə dedi: – Eşitdim ki, bu gün padşahın qonaxlığı var. Odu ki, dedim kasıb adamın biriyəm, gedim bir az oxuyum, bəlkə puldan-paradan verələr. Padşahın adamları dedilər: – Baba dərviş, padşah hər dərvişi öz məclisinə buraxmaz, get sən ayrı yerdə oxu, bəlkə bir az puldan-paradan alasan. Dərviş dedi: – İndi ki, belə oldu, mənim dilimnən padşaha deyin ki, dərvişi geyimiynən yox, onun işiynən, əməliynən tanıyarlar. Mən haman dərvişəm, gəlmişəm uşaqların adlarını qoymağa. O ki, mənə belə üz görsətdi, içəri getmərəm. Oğlanın adını Yusif, qızın da adını Sənubər qoydum. Adamlar gəlib dərvişin dediklərini padşaha söylədilər. Padşah bu sözləri eşidən kimi, öz əməlindən peşman olub, başınadizinə döydü. Dad-fəryad elədi ki, ay aman, yerdə də olsa, göydə də olsa, o dərvişi tapın, gətirin yanıma. Hər yeri axtardılar, dərviş tapılmadı ki, tapılmadı. Aradan bir az keçmiş məclis dağıldı. İki qardaş əllərini göyə qaldırıb dua elədilər ki, indi arzumuza çatdıq. Uşağların da adını dərviş dediyi kimi qoydular. Böyük qardaş dedi: – Qardaş, saçımıza-saqqalımıza dən düşüb, belimiz əyilib, bugünsabah düşüb eləcəyik. Biz öləndən sonra Allah bilir övladlarımızın başına nə gələcək, hansı padşahın övladlarıynan evlənəcəklər? Vardövlətimiz kimə qismət olacax? Yaxşısı budu ki, elə bu ad günündə sənin qızınla mənim oğlumu göbəkkəsmə nişanlayax, bizdən sonra da var-dövlətimiz onlara qismət olsun. Kiçik qardaş böyük qardaşın məsləhətinə razı olub Yusiflə Sənubəri göbəkkəsmə elədilər. O gündən uşağlara tayaçılar, lələlər tutuldu. Biz eşitmişik ki, uşaq aynan-ilnən böyüyər, amma bunlar günbəgün, saat-basaat böyüdülər. Yusiflə Sənubər həddi-buluğa yetib, gəlib on dörd yaşa çatdılar. Yusif elə bir gözəl oğlan olmuşdu ki, üzünə baxan deyirdi bir də baxaydım. Göyçəklikdə Sənubər də əmisi oğlunnan geri qalmırdı. Bir gün Yusif dədəsindən izn alıb əmisigilə gəzməyə getmişdi. Yusif əmisiynən öpüşüb-görüşəndən sonra nökər-nayıbla əmisinin Gülüstan bağını gəzməyə çıxdı. Bağ nə bağ, gül gülü, bülbül də bülbülü çağırırdı. Bir tərəfdə lalə, yasəmən, bir tərəfdə də bənövşə, ağ gül, sarı gül. Qızıl gülün ətri adamı valeh eləyirdi. Bağın ortasında ağ mərmərdən gözəl bir çarhovuz varıydı. Qırx yerdən su fəvvarə vururdu. Yusif çarhovuzun yanına yaxınlaşanda nə görsə yaxşıdı? Gördü ki, əmisi qızı qırx incə belli xanımla çarhovuzun qırağında əl-üzlərini yuyurlar. Yusif qızı görən kimi bir könüldən min könülə əmisi qızına aşiq oldu. Sənubər də Yusifin gözəlliyinə heyran qalıb o da ona vuruldu. Bir az bağda gəzib dolanandan sonra Yusif qayıtdı evlərinə. Yusif evlərinə qayıdandan sonra əmisi qızının eşqinnən azarlayıb yorğan-döşəyə düşdü. Ata-anaları Yusifin halını pərişan görüb soruşdular: – Oğlum, de görək sənin dərdin-azarın nədi? Sənə nə olub? Yusif əvvəlcə istədi dərdini deməsin. Gördü ki, yox, anası əl çəkmir. Əlacsız qalıb dərdini anasına söylədi. Anası dedi: – Oğlum, o sənin göbəkkəsmə nişanlındı, sən niyə fikir çəkirsən? Arvadı əhvalatı ərinə dedi. Elə həmin günü Yusifin atası qardaşına xəbər göndərdi ki, bəs hazırlaşsın, uşağlarımızın toyunu eləyək. Toy tədarükü görüldü. Yeddi gün, yeddi gecə toy oldu. Axırıncı gün Sənubəri gəlin gətirib oğlanın evinə qoydular. Gecənin bir vaxtı toy qurtardı. Adamlar dağılışıb evlərinə getdilər. Evin bir küncündə qızla oğlana gərdək qurdular. Yusif qapını açıb girdi evə. Gərdəyi açıb, qızı görən kimi tappıltıynan üzü üstə yıxıldı yerə. Sənubər elə bildi ki, əmisi oğlunun ayağı ilişib yıxıldı. Gözlədi ki, indi durar. Gördü yox, bu, durana oxşamır. Özü gəlib onu durğuzmaq istəyəndə, gördü ki, əmisi oğlu elə bil dünənnən ölübmüş. Qız o saat qəşş eləyib, ürəyi getdi. Eşikdə qızın yengəsi, vəkili ha gözlədilər, gördülər heç səs-səmir gəlmir. Axırda yengə dözə bilmədi, içəri girib, gördü Yusif ölüb, qız da ah-zarnan göz yaşı tökür. Bu qara xəbər o saat oğlanla qızın ataanasına çatdı. Bütün şəhər qara geyinib yas saxladı. Çox ağlayıb-sısqayandan sonra gəldilər ki, oğlanı aparıb basdırsınlar. Sənubər meyidi qucaqlayıb dedi: – Əmi, mən Yusifdən doymamışam, izin ver onun meyidini qırx gün saxlayım? Əmisi razı oldu. Yusifin meyidini qızın gəlin otağında saxladılar. Sənubər hər gün meyidə ətirdən, dərmandan vurub, sabahdan axşama kimi göz yaşı tökdü. Bütün qohum-qardaş yığılıb qıza nə qədər dəlildəlayil elədilərsə o, ağlamaqdan əl çəkmədi. Yusifin ölümündən otuz doqquz gün keçmişdi. Qızlar Sənubəri bir ölüm-zülümnən dilə tutub bağa apardılar ki, heç olmasa bir az eyni açılıb, dərdi dağılsın. Sənubər bağda bir az o üzə, bu üzə gedib evə qayıtdı, gördü ki, Yusifin meyidi yoxdu. Ağlaya-ağlaya əmisinin yanına gedib Yusifin meyidini istədi. Əmisi and-aman elədi ki, bizim meyiddən xəbərimiz yoxdu. O günnən kəndbəkənd, şəhərbəşəhər adam salıb Yusifin meyidini axtardılar. Tapa bilmədilər ki, bilmədilər. Aradan bir xeyli keçənnən sonra Sənubərin atası gəlib qızını aparmaq istədi. Qız dedi: – Ata, mən heç yerə getməyəcəyəm. Səndən bir xahişim var. Yeddi yolun ayrıcında mənə bir imarət tikdirərsən. İçində hər cür yemək-içmək olsun. Özümə də qırx qulnan qarabaş verərsən, onlar da mənə hayan olar. Atası dedi: – Qızım, bu imarəti tikdirməkdə məqsədin nədi? Sənubər dedi: – Mehriban ata, mən həmən imarətdə yeddi yol ayrıcından keçib gedən adamların hamısını qonax saxlayacağam. Yedirdib-içirdəcəm. Sonra da bütün gördüklərini eşitdiklərini danışdıracağam, bəlkə Yusifdən bir soraq tapa bildim. Hər iki qardaş Sənubərin fikrinə razı oldular. Ona gözəl bir imarət tikdirib özünü də ora köçürdülər. Qız evə köçən kimi hər yolun ayrıcında bir gözətçi qoydurdu ki, kimi görsəniz, mənim yanıma gətirərsiniz. Bəli, o gündən bu yoldan kim keçirdisə onu gətirirdilər imarətə. Əvvəlcə yedizdirib, içizdirib, hamamda çimizdirib, təzə paltar geyindirərdilər. Sonra da gətirərdilər Sənubərin hüzuruna. Sənubər də onlardan gördüklərini, eşitdiklərini xəbər alardı. Amma öz sevgilisindən heç bir soraq tuta bilmirdi. Sənubər yoldan keçənləri öz imarətinə gətirib danışdırmaqda olsun, sizə kimdən xəbər verim, kimdən xəbər verim, üç qardaşdan. Uzaq bir vilayətdə üç qardaş varıymış. Bunların qoca analarından başqa heç kimləri yox imiş. Özləri də çox kasıbmışlar. 70 Bir gün bunlar eşitdilər ki, özgə bir torpaxda bir qız yeddi yolun ayrıcında böyük bir imarət tikdirib, yoldan gəlib keçənlərin hamısını yedirdib, geydirib, sonra da onlardan gördüklərini, eşitdiklərini soruşur. Qardaşlar fikirləşdilər ki, elə biz də gedək orda bir az yeyək, içək, həm də üst-başımızı düzəldək. Böyük qardaşla ortancıl qardaş analarından izin alıb həmən yerə getmək istədiklərini bildirdilər. Kiçik qardaş başladı yalvarmağa ki, məni də özünüzlə aparın. O, nə qədər elədisə böyük qardaşları razı olmadılar. Bunlar kiçik qardaşı evdə qoyub yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, bir də baxıb gördülər ki, budu ha, balaca qardaşları ley kimi onların dalınca gəlir. Bir az deyinəndən sonra kiçik qardaşlarını da özlərinə qoşub başladılar yol getməyə. Az getdilər, çox dayandılar. Dağlar aşdılar, çaylar keçdilər. Gəlib bir qalın meşəyə çıxdılar. Elə bil heç bu meşəyə bəniinsan ayağı dəyməmişdi. İlan-çayan, qurd-quş, çaqqal-canavar, ayı, şir, pələng bir nərə çəkirdilər, bir ulaşma varıydı ki, az qalırdı adamın bağrı çatlasın. Yazıq qardaşlar fikirləşdilər ki, elə bizimki də buracanıymış. O, üzə, bu üzə vurnuxub bir zağa tapdılar. Üçü də zağaya girib, bir küncdə büzüşdülər. Elə yenicə zağaya girmişdilər ki, bir də gördülər hava qaraldı, göy guruldadı, şümşürəy oynadı, ildırım çaxdı, elə bir tufan qopdu ki, az qaldı yer-göy dağılsın. Leysan yağışı elə tökürdü ki, ucunnan tut çıx göyə. Gördülər zağadan çıxmaq mümkün deyil, elə oradaca yatdılar. Səhər sübh tezdən durub gördülər hava açılıb, gün çıxıb, yağış kəsib, yel dayanıb, özləri də bir qəşəng çəmənzarın, gül-çiçəyin içindədilər ki, elə bil behişdi. Bir də gördülər üç dənə quş uçau ça gəlib bir yekə ağacın başına qondu. Quşlar hərəsi bir dəfə qanad çalıb, dönüb oldular pəri. Sən demə bunlar üç bacı pəri qızlarıymış. Pəri qızların böyüyü söylədi: – Ay bacılı-bacılı, niyə durubsunuz? Süfrə açıb yemək hazırlayın. Bacılar o saat heçdən bir süfrə düzəltdilər ki, dünyada nə nemət desən, hamısı orda var idi. Böyük pəri yenə dedi: – İndi də mənim amanatımı gətirin. O saat ortancıl pəriynən kiçik pəri uçub uca bir ağacın başından qızıllı, gümüşlü bir tabut gətirdilər. Böyük bacı tabutun böyründən bir çubux götürüb, tabuta vurdu, dedi: “Açıl tabut, açıl”. Tabut o saat açıldı. Sonra çubuğu içindəki meyidə vurub dedi: – Oyan Yusif, oyan! Bunu deyən kimi, tabutdan bir gözəl oğlan çıxıb oturdu süfrənin qırağında. O qədər yeyib-içdilər, gülüb danışdılar ki, tamam yoruldular. Qızlar süfrəni yığışdırdılar. Böyük bacı çubuğu oğlana vurub dedi: – Öl Yusif, öl! Oğlan o saat tabuta yıxılıb öldü. Qız çubuğu bu dəfə də tabuta vurub dedi: – Örtül tabut, örtül! Tabut o saat örtüldü. Bacılar tabutu götürüb ağacın başında gizlətdilər. Sonra qızlar üçü də quş cildinə girib, uçub getdilər. Bu əhvalatı üç qardaş zağadan görüb tamam məəttəl qalmışdılar. Quşlar gedəndən sonra qardaşlar zağadan çıxıb başladılar yol getməyə. Yeddi gün, yeddi gecə yol gedənnən sonra gəlib çıxdılar həmin yeddi yolun ayrıcına. Qızın adamları diydivannan bunları görən kimi, apardılar imarətə. Əvvəlcə yedirdib-içirdənnən sonra, çimizdirib hərəsinə bir dəst təzə paltar geydirdilər. Sonra gətirdilər Sənubərin yanına. Qardaşlar gördülər ki, evdə heç kim yoxdu, amma ortadan bir pərdə çəkilib. Gözlədilər ki, gərək indi bura kim gələcək. Bir də gördülər pərdənin dalınnan bir qız səsi gəldi ki: – Ey Allahın bəndələri, gördüyünüzdən, eşitdiyinizdən nə bilirsinizsə danışın. Böyük qardaşla ortancıl qardaş gördüklərinə heç kimin inanmayacağını bilib, danışmaq istəmədilər. Kiçik qardaş başa düşmədi, elə bildi qardaşlarının yadından çıxıb, odu ki, dedi: – Ay qardaşlar, meşədə gördükləriniz nə tez yadınızdan çıxıb, onu danışsanıza. Qardaşlar ona nə qədər him-cim elədilərsə, başa düşmədi. Qız burda bir əhvalat olduğunu duyub dedi: – Oğlan, gördüklərini sən söylə. Oğlan gördüyü pəri qızların əhvalatını başdan-ayağa Sənubərə danışdı. O, Yusifin adını çəkəndə Sənubər bərkdən bir ah çəkib, şappıltıynan yerə yıxıldı. Hannan-hana qul-qarabaşlar Sənubər xanımı özünə gətirdilər. Qardaşlar bu əhvalata məəttəl qaldılar. Sənubər xanım bir təhər udqunaudquna uşaqdan xəbər aldı: – Sən o tabutun yerini bilirsənmi? Uşaq dedi: – Xanım, bilirəm, meşənin içindədi. Sənubər xanım çoxlu qızıl, gümüş verib, qardaşlara dedi: – Qoyun bu uşaq mənnən gedib tabutun yerini mənə görsətsin, sonra gətirib sağ-salamat özünüzə verərəm. Böyük qardaşla ortancıl qardaş çoxlu qızıl, gümüş alıb analarının yanına getməkdə olsunlar, bu tərəfdən də Sənubər bir dəstə qoşun götürüb, uşağı da qabağına salıb gəldilər həmin meşəyə tərəf. Az getdilər, çox getdilər, axırı gəlib çıxdılar həmin meşəyə. Uşaq qabağa düşüb başında tabut olan ağacı axtarmağa başladı. Uşaq o ağacın dibindən, bu ağacın dibindən səkə-səkə tabut olan ağacı tapıb qıza görsətdi. Qoşun əhli o saat tabutu ağacın başından yerə endirdi. Uşaq tabutun böyründəki çubuğu götürüb üç dəfə vurub Dedi: – Açıl tabut, açıl! Qapaq o saat açıldı. Sonra çubuğu meyidə vurub dedi: – Oyan Yusif, oyan! Yusif yuxudan oyanıb oturdu. Sənubər özünü Yusifin üstünə atıb onu qucaxladı. Bütün qoşun bunları görüb xəlvətə çəkildilər. Yusiflə Sənubər gecə sabahatan bir yerdə qaldılar. Sabaha yaxın Yusif gözünü açıb dedi: – Gəl məni də götür, tez burdan qaçax. Əgər ləngisən bir də məni görə bilməyəcəksən. Sənubər dedi: – Əmi oğlu, bütün bu meşənin içi qoşunla doludu. Kim səni mənim əlimdən ala bilər. Mən bu sirri öyrənmək istəyirəm. Görüm o üç qız kimdi? Yusif dedi: – İndi sözümə baxmadın, bunun altını çəkəcəksən. Tez ol məni ağacın başında gizlət, bu saat pəri qızları gələcəklər. Sənubər əlindəki ağacla oğlanı yuxuya verib, tabutun ağzını örtüb, qoşuna əmr elədi ki, tabutu ağacın başına qoyun. Tabutu yenə ağacın başına qoydular. Özləri də çəkilib bir tərəfdə gizləndilər. Çox çəkmədi ki, birdən bərk tufan qopdu, yel əsdi, göy guruldadı, yer tərpəndi, ildırım şaqqıldadı. Bir yağış tökdü, bir yağış tökdü ki, az qaldı düzdünyanı sel aparsın. Birdən-birə hava açıldı, gün çıxdı, hər tərəf çilçıraqban oldu. Bir də gördülər üç pəri quşlar yerə qondular. Onlar donlarını dəyişib oldular gözəl-göyçək qız. Böyük pəri kiçik bacılarına dedi: – Di tez olun, yemək-içmək hazırlayın, mənim amanatımı da gətirin. Bacılar əvvəlcə süfrə salıb yemək-içmək hazırladılar. Sonra tabutu gətirib bacılarının qabağına qoydular. Böyük pəri tabutu görən kimi dedi: – Bu tabuta bəni-insan əli dəyib, götürün buradan bir dəfəlik elə bir yerə gedək ki, orda bəni-insan olmasın. Üç bacı pərilər tabutu götürüb, göyün üzünə qalxdılar. Bir göz qırpımında yox olub getdilər. Bütün bu əhvalatı görən Sənubər əmisi oğlunun sözünə baxmadığına peşman oldu. Başına-gözünə döydü, dərdi birə on qat artdı. O günnən Sənubər ayağına dəmir çarıx geyib, əlinə də dəmirdən bir əsa aldı. Uşağı da, qoşunu da götürüb əmisi oğlunu təzədən axtarmağa getdi. Bəli, nağıllarda vaxt çox tez gələr. Sənubər əmisi oğluynan meşədə görüşəndən doqquz ay keçmişdi. Vaxtı tamam idi. Bari həmilini yerə qoyub, gözəl-göyçək bir oğlan doğdu. Oğlan bəeyni dədəsinə oxşayırdı. Anası oğlanın adını balaca Yusif qoydu. Ay dolandı, il keçdi, balaca Yusif boy atıb böyüdü. Bunlar yenə də Yusifi axtarmaxdan əl çəkməmişdilər. Gecə-gündüz onu axtarırdılar. Dağda-daşda, ordaburda o qədər yüyürüb yortmuşdular ki, üst-başları tamam tökülmüşdü. Cındırlarınnan cin ürkürdü. Bu kökdə şəhərə girməyə utanırdılar. Odu ki, axşamı salıb, özlərini şəhərin qırağında bir qarının evinə yetirdilər. Yaxşı deyiblər, qarı var ipək, qarı var köpək, qarı var küpəgirən, qarı var öküz minən, amma bu qarı imannı qarılardandı. Sənubərgil içəri girib, qarıya dil-ağız elədilər. Bir az pul verib hərəsi özünə köhnə paltar istədi. Qarı oğlunun, qızının paltarlarından bunların hərəsinə bir dəst geyindirdi. Sənubər qarıdan gecələməyə yer istədi. Qarı edi: – A qızım, elə yaxşı oldu, oğlumnan qızım burda yoxdu. Elə onlar gələnə tək qalarsınız yanımda. O gündən Sənubər, balaca Yusif, bir də oğlan qarını yanında qaldılar. Sənubər hələ meşədə olanda qoşunu da buraxmışdı ki, çıxıb getsin. Onlar da hərəsi bir tərəfə dağılıb getmişdi. Bir gün Sənubər saçından bir qiymətli ləl çıxardıb oğlu Yusifə dedi: – Oğul, apar bunu ver padşaha, xırdalasın, gələndə bir az şeydənşüydən al gətir, yeyək. Balaca Yusif ləli götürüb getdi padşahın yanına. Darvazanı açıb içəri girdi. Qapıçılardan padşahın yerini soruşdu. Padşahın yerini ona göstərdilər. Yusif piləkənlə yuxarı çıxanda vəzir onu gördü, dedi: – Oğul, hara gedirsən? Bura padşahın otağıdı, sənin buralarda nə işin? Balaca Yusif əlindəki ləli görsədib dedi: – Bunu xırdalamağa gedirəm. Vəzir əlin lələ uzadıb dedi: – Ver mən xırdalayım. Yusif ləli verməyib dedi: – Padşahın özünə xırdaladacam. Vəzir nə qədər dil tökdüsə uşağdan ləli ala bilmədi. Axırda çarna çar qalıb, onu padşahın yanına buraxdı. Yusif padşahın yanına gəlib ləli ona uzadıb dedi: – Anam deyir bunu xırdalasın. Padşah vəziri çağırıb dedi: – Vəzir, bu ləli al xırdala! Vəzir ləli alıb baxdı, gördü heç bunun misli-bərabəri yoxdu. Yavaşca padşahın qulağına dedi: – Şahim, bu ləl o qədər qiymətlidi ki, sənin xəzinəndəki qızıl bunun qiymətini ödəməz. Padşah dedi: – Xəzinəmdə nə qədər qızıl varsa, ver aparsın. Vəzir uşağdan yanıxlıydı deyən padşahın qulağına bir də pıçıldadı: – Şahim, bu ləldən heç yerdə tapılmır. Sən o uşağa denən, getsin birini də gətirsin. Padşah dedi: – Oğul, bu dəfə gələndə ləlin birini də gətir. Vəzir oğlanı yanına salıb gətirdi xəzinəyə. Ona bir xeyli qızıl verib yola saldı. Uşağ bazardan bir az şeydən-şüydən alıb bikeyf gəldi anasının yanına. Sənubər oğlunu keyfsiz görüb dedi: – Oğul, sənə gələn qada-bala mənə gəlsin. De görüm sənə nə olub belə? Yusif dedi: – Ana, padşah dedi bu ləldən birini də gətir. Sənubər o saat əlini saçının altına atıb bir dənə də ləl çıxardıb verdi oğluna. Balaca Yusif ləli gətirib verdi padşaha. Padşahın bu işdən çox xoşu gəldi. Uşağın başını sığalladı, üzünə güldü. Vəzirin bu işə paxıllığı tutdu. Öz-özünə dedi. “Padşah bu vaxtatan mənim uşaqlarımın heç üzünə gülməyib. Amma bu uşağı bir dəfə görməynən onun başını sığallayır. Gələcəkdə bu mənim başıma çox əngəllər aça bilər. Yaxşısı budu elə indidən başını batır”. Vəzir padşaha yaxınlaşıb dedi: – Şahim, sən bilirsən ki, gərək padşahın özünə layiq imarəti ola. Sən özün böyük padşahsan, adın-sanın dillərdə dastan olub, amma özünə layiq imarətin yoxdu. Mən istəyirəm sənin elə bir imarətin olsun ki, öz-özünnən işıx versin. Padşah dedi: – Vəzir, mən belə imarəti hardan ala bilərəm? Vəzir dedi: – Şahim, divlər padşahının məmləkətində şam ağacları var, mərmər daşlar var, onlar işıx verirlər. Mən görürəm bu uşağ çox fərasətli, qoçaq oğlandı, göndər o dediklərini gətirsin, imarəti mən tikdirərəm. Padşah dedi: – Vəzir, bu vaxtatan heç bir padşahın qoşunu gedib o şeyləri gətirə bilməyib. Divlər onların hamısını qırıb-çatıb. Bu bir tikə uşaq o şeyləri necə gedib gətirə bilər? Vəzir dedi: – Onun uşağ olmağına baxma. Bu şeyləri gətirə bilsə bircə o gətirəcəkdir. Sən ona de ki, əgər gətirməsən boynunu vurduracağam. Padşah Yusifi yanına çağırıb, əhvalatı ona danışdı. Özü də dedi: – Sənə qırx gün möhlət verirəm. Dediklərimi gətirməsən boynunu vurduracağam. Yusif padşahın yanından çıxıb gəldi anasının yanına. Sənubər oğlunu yenə bikeyf görüb soruşdu: – Oğul, yenə niyə bikeyfsən? Yusif dedi: – Padşah mənə əmr elədi, gərək qırx günətən gedib divlər padşahından öz-özünə işıx verən şam ağaclarıynan mərmər daşları gətirəm. Əgər gətirməsəm boynumu vurduracaq. İndi mənə izin ver gedim ora. Məni qırx gün gözlə, gəldim, gəldim, gəlmədim, bil ki, ölmüşəm. Sənubər oğluna dua, sana eləyib yola saldı. Dedi: – Oğul, get, yolun uğur olsun! Balaca Yusif heybəsini doldurub başladı yol getməyə. Az getdi, çox getdi, gəlib bir bulaq başına çatdı. Bulaxda əl-üzünü yuyub bir az sərinlədi, istədi ki, ayağa durub getsin. Bir də gördü onu öz adıynan çağırırlar. Dönüb geri baxanda, gördü bir nurani qoca3 başında göy əmmamə, belində qurşax, əynində qara çuxa, əlində əsa, ağ saqqal bir qoca düz onun yanında dayanıb. Qoca dedi: – Oğlum, hardan gəlib, hara gedirsən? Yusif dedi: – Padşah məni divlər məkanından şam ağacı gətirməyə göndərib. Əkər qırx günətən gətirə bilməsəm boynumu vurduracaq. Nurani qoca dedi: – Oğlum, bu vaxtatan meydanda gərdiş eləyib nər kimi nərildəyən Rüstəm Zallar4, mənəm-mənəm deyən padşahlar qoşunnan, əsləheynən divlər məkanından şam ağacı gətirə bilməyiblər. İndi sən tək gedib neyləyə biləcəksən? Yusif dedi: – Ey baba, neyləyim, padşah əmridi, getməsəm öldürəcəklər, yaxşısı budu elə gedim, nə olar, olar. Nurani qoca dedi: – Oğul, indi ki, gedirsən, mənim nəsihətimə qulaq as. Oğul, getdiyin yer qırx ağaclıq yoldu. Qırx ağaclıq mənzil gedəndən sonra qabağına bir böyük dağ çıxacaq. Dağın təpəsində divlər məmləkətinin qoruxçusu kərə divə rast gələcəksən. Kərə div səni görən kimi nərə çəkib üstünə cumacax. Sən onunla tutaşıb güləşərsən, əgər onu yıxa bilsən, onda div sənə yalvarıb deyəcək: – Ey bəni-insan, məni öldürmə, sənin qulun olum. Onda sən kərə divi öldürməzsən. Onun sənə çox xeyri dəyər. Neçə ildi ki, o əsirdi. Kərə divdən keçənnən sonra, bir xeyli gedib, bir mağaraya rast olacaxsan. Mağaranın içinnən bir qara div çıxıb, əlində qılınc sənə hücum eləyəcək. Sən fürsəti fovta verməyib onu öldürərsən. Amma gərəh axırda onun başını öz qılıncıynan kəsəsən. Yoxsa təzədən dirilər. Elə ki, qara divin başını kəsdin onu bir torbaya salıb özünlə apararsan. Lap axırda divlər padşahına rast olacaqsan. Adşahın yanına girib haman başı onun qabağına atarsan. Divlər padşahı bu əhvalatı görən kimi səni yemək istəyəcək. Onda onunla da güləşib, vuruşarsan. Elə ki, onu yıxdın, başını kəsmək istəyəndə div yalvarıb deyəcək: – Ey bəni-insan, amandı, başımı kəsmə, nə istəyirsən verim. Onda divdən nə istəsən hamısı hazır olacaq. Amma div anasının südünə and içməmiş, onun sinəsinin üstündən durmazsan. Qoca çuxasının altından bir qılınc çıxardıb, Yusifə verdi. Dedi: – Oğul, al bu qılıncı belinə bağla, bu səni çox xatalardan qurtarar. Yusif qılıncı belinə bağladı. O, başını qaldırıb yuxarı baxanda gördü qoca qeyb olub; bu işə məəttəl qaldı, başladı yol getməyə. Az getdi, çox getdi, gəlib həmən dağın dibinə çatdı. Birdə gördü dağın təpəsindən nəriltiynən, gurultuynan bir heyvərə div gəlir ki, adam baxanda az qalır bağrı çatlasın. Divin əlində bir topbuz var ağırlığı yüz batman. Bu div həmən qocanın dediyi kərə div idi. Kərə div dedi: – Ey bəni-insan, sən bilmirsənmi bura dinlər məkanıdı? Bura quş gəlsə qanad salar, qatır gəlsə dırnaq tökər. Sən nə ürəynən gəlib buralara çıxıbsan. İndi bu saat mən sənə bir topbuz vuracağam, yapışıb yernən bərabər olacaxsan. Yusif əvvəlki Yusif deyildi. Böyüyüb on dörd yaşında nər kimi bir pəhlivan olmuşdu. O, divə dedi: – Ey kərə div, çox oyan-buyan eləmə, əgər hünərin varsa güləşək. Kim kimi yıxsa, o onun başını kəssin. Kərə div razı oldu. Əvvəlcə başladılar küştü tutmağa, heç birinin gücü çatmadı. Sonra dizləriynən dırnaqlarıynan başladılar yeri kotan kimi eşməyə, yenə bir-birinə güc eləyə bilmədilər. Axırda Yusif bir nərə çəkib əl atdı kərə divin kəməndinə, qaldırıb başının üstdə üç dəfə fırladıb, yerə elə vurdu ki, yer tərpəndi. O saat sinəsinə cumub qılıncı siyirdi. Başını kəsmək istəyəndə kərə div gözünün yaşını leysan yağışı kimi töküb dedi: – Gəl sən Allaha bax, Tanrıya bax, məni öldürmə. Neçə illərdi padşah məni əsir eləyib, buraların gözətçisi qoyub, heç yerə tərpənə bilmirəm, balalarımın gözü yoldadı. Mənim sənə çox köməyim dəyər. Yusifin divə yazığı gəldi, başını kəsmədi. Div Yusifdən çox razılıx elədi, bir çəngə də tükündən verib dedi: – Harda dara düşsən bu tükü yandır, o saat hazır olacam. Nə istəsən yerinə yetirərəm. Yusif buradan çıxıb, yol başladı getməyə. Elə bir az getmişdi, bir də gördü mağaranın içindən bir qara div çıxıb nərildiyə-nərildiyə ona sarı gəlir. Div Yusifi görən kimi dedi: – Çoxdan idi adam ətinnən ötəri burnumun ucu göynəyirdi. Allah səni mənə yaxşı yetirdi. Yeyərəm, heç olmasa bir balaca ağzım dada gələr. Yusif gördü yox, bu yaman zorba divdi. Odu ki, fürsəti fovtə verməyib başladı vuruşmağa. Hər ikisi qılınclarını siyirib üç gün, üç gecə qılınc çaldılar. Gördülər qılıncdan bir şey çıxmır. Başladılar güləşməyə. Yeddi gün, yeddi gecə güləşdilər. Yusif gördü fənd işlətməsə divi öldürə bilməyəcək, odu ki, divə bir badalax vurub kəlləsi üstə yıxdı yerə, tez sinəsinin üstə çıxıb, qılıncını çəkdi boğazına. Başını bədənindən ayırıb atdı kənara. Getdi ki, başı götürsün, geri dönüb gördü qara div təzədən dirilib qalxıb ayaq üstə. Tez barmağın dişlədi ki, ay gidi, qoca dediyi düzüymüş, gərək başını öz qılıncıynan kəsəydim. Yusif təzədən cumdu qara divin üstünə. Elə bir nərə çəkdi ki, dağ-daş lərzəyə gəldi. Ya mədəd deyib qara divin arxasını vurdu yerə. Tez onun öz qılıncı ilə başını kəsib saldı torbaya. Yusifin birdən yadına düşdü ki, kərə div ona tük verib, Tez tükü yandırdı. O saat kərə div hazır oldu. Dedi: – Qardaş, mənə görə nə qullux? Yusif dedi: – İstəyirəm məni aparasan divlər padşahının olduğu yerə. Yusif qara divin başını da götürüb, mindi divin dalına, kərə div tənur eləyib, qalxdı göyün yeddi qatına. Nəriltiynən, gurultuynan uçau ça Yusifi aparıb qoydu divlər padşahının məkanında. Sonra Yusifnən öpüşüb, görüşüb geri qayıtdı. Özünə də tapşırdı: – Bax, gördüyün imarət, divlər padşahınındı. Ora tamam tilsimdi, sehirlidi. Sən ora gedəndə hər nə görsən eşitsən tərsinə eləyərsən. Açıq qapı görsən örtərsən, örtülü qapı görsən açarsan, özü də nəbadə, nəbadə geri baxasan. Div sözünü qurtaran kimi qalxdı havaya. Yusif kərə divdən ayrılıb gəldi qalaçanın qapısının ağzına. Gördü qapı örtülüdü, əl atıb açdı. Girdi içəri. Qabağına qırx pilləkən çıxdı. Pilləkənlərin biri qızıldan, biri gümüşdən. O, bu pilləkənlərlə yerin altına enəndə, hər tərəfdən səs gəldi: “Yusif dayan, Yusif dayan”. Yusif bu səslərə fikir verməyib qırx pilləkəni aşağı endi. Gördü qırx otaq var, hamısının qapısı açıx. Yusif otaqlardan keçdikcə hamısının qapısını örtdü. Qırxıncı otağın qapısı örtülüydü. O, onu açıb istədi içəri girsin, gördü otaqdan bir xorultu gəlir, az qalır səsdən adamın qulağı tutulsun. İstədi irəli getsin, gördü yox, yel bunu geri atır. Bir azdan sonra istədi geri getsin, gördü yox, yel bunu indi irəli çəkir. Qaldı məəttəl ki, bu nə olan işdi? Əlini gözünün üstünə qoyub bir az o üzə, bir az bu üzə baxıb gördü ki, otağın küncündə bir bədheybət div yatıb, burnu dəmirçi körüyü kimi yel buraxır. Demə nəfəs alanda Yusifi çəkirmiş, buraxanda itələyirmiş. Yusif fikirləşdi ki, yox, bu deyəsən o divlərdən deyil, bunun yeddi başı var, hər başında yeddi buynuzu var, hər ağzında yetmiş yeddi dişi var. Div yetmiş yeddi adamın kəlləsini bir çatıya düzüb, muncux əvəzinə boğazından asmışdı. Qulaqları o qədər yekə idi ki, birini altına salmışdı, birini üstünə, burnundan tana əvəzinə on batman dəmir asılmışdır. O qədər tükləri var idi ki, elə bil meşədi. Yusif bir təhər divarın qırağıynan divin dalına keçib, istədi onu öldürsün. Sonra fikirləşdi ki, yatdığı yerdə divi öldürmək mərdlikdən deyil. Yaxşısı budu qoy oyadım, ya ona verən Allah, ya mənə verən Allah... Yusif qılıncını siyirib, soxdu divin dabanına, başladı ovub las-las ətini çıxartmağa. Div heç gözünü də açmadı. Quyruğunu tərpədib dedi: – Ay andıra qalasan çibin, ayağımı niyə qıdıxlayırsan? Divin quyruğu Yusifə elə dəydi ki, yeri zol durdu. Yusif bu dəfə də əl çəkmədi. O, yenə qılıncıynan divin ayağını ovdu. Div istədi çibini bu dəfə də qovsun, gözünü açıb gördü başının üstündə bir pəhlivan durub. Div əvvəlcə əllərini qaldırıb başladı gərnəşməyə. Sümükləri elə xırtıldadı ki, elə bil min illik bir çinar ağacını yerindən qopartdı. Div dedi: – Ey bəni-insan, sən nə cürətlə bu məkana gəlib çıxıbsan? Heç ömründə div görmüsənmi? Bu saat səni bircə tikə eləyib dişimin dibinə atacağam. Div belə deyəndə Yusif torbanın ağzını açıb, qara divin başını atdı onun qabağına, dedi: – Niyə görməmişəm. Sənin qoruxçun kərə divi özümə qul eləmişəm, qara divin başını kəsib gətirmişəm. İndi də səni öldürməyə gəlmişəm. Div bu sözü eşidən kimi gözləri çıxdı kəlləsinə, başladı o üzə, bu üzə gərdiş eləyib, nərə çəkməyə. Yusif qollarını çərməyib atıldı divin üstünə. Yeddi gün, yeddi gecə Yusif divlə güləşdi. Axırda gördü yox, deyəsən olmayacax, bu divə qılınc-zad kar eləmir, tamam başdanayağa tilsimdi. Odu ki, ora-bura baxıb başladı divin canını axtarmağa. Bir də gördü divin taxçasında bir şüşə var. Bildi ki, divin canı ordadı. Əl atıb şüşəni götürdü, yerə vurub sındırdı. Divin o saat əl-ayağı boşalıb yerə yıxıldı, şüşənin içindən bir göyərçin çıxdı. Yusif tez göyərçini tutub, istədi başını üzsün, divlər padşahı ahu zar eləyib, dedi: – Ey bəni-insan, səni and verirəm öz ananın südünə, gəl sən o göyər çinin boğazını üzmə, mənim canım ondadı. Məndən nə istəyirsənsə əvəzində de, verim. Yusif dedi: – Göyərçinin boğazını üzmərəm, amma mənə iki şey verəsən, özü işıx verən şam ağacları, bir də mərmər daşları. Əgər bu şeyləri verərsənsə, ananın südünə and iç, sənə inanım. Div anasının südünə and içəndən sonra Yusif göyərçini buraxdı. Divlər padşahı o saat əmr eləyib bütün divləri başına yığdı. Onlara tapşırdı ki, Yusif nə qədər şam ağacı, mərmər daşı istəyirsə verib, onu istədiyi yerə aparın. Kərə divi də qulluxdan azad eləyib Yusifə bağışladı. Elə həmən gün divlər Yusifin dediyi şeyləri hazır eləyib, yola düşdülər. Yusif də divlərdən birinin dalına minib, gəldi öz şəhərlərinə. Divlər bir gecənin içində həmən qəsri tikib geri qayıtdılar. Gecənin yarısı vəzirnən padşah gördülər ki, hər yer çilçıraqban olub, elə bil gün çıxıb. Padşah dedi: – Vəzir, bu nə möcüzədi, gecənin bu vaxtında belə işıx, elə bil gün çıxıb. Vəzir barmağını dişləyib dedi: – Qibleyi-aləm sağ olsun, bu olsa-olsa Yusifin işi olacaq, yəqin o, özü işıx verən imarəti tikdirib qurtarıb. Padşah o saat adam göndərib əhvalatı öyrəndi ki, bəli, Yusif doğrudan da gəlib həmin imarəti tikdirib. Adam göndərib Yusifi çağırtdırdılar. Yusif gəlib ədəb-ərkanla baş əyib dedi: – Padşah sağ olsun, sənin əmrini yerinə yetirmişəm, imarət hazırdı. İndi gedək bax. Vəzirlə padşah gedib imarətə baxanda ağızları açıla qaldı. Yusifin bu şücaəti padşahı heyran elədi. Amma vəzir yaman dilxor oldu. Vəzir elə oradaca padşahı bir qırağa çəkib qulağına dedi: – Heç insafdan deyil, belə bir imarətin ola, amma içində üç bacı pərilər olmaya. Əgər o, üç bacı pəriləri də bura gətirdə bilsən, dünyada heç bir dərdin-qəmin olmaz, onlarnan keyf çəkib gün keçirərsən. Padşah dedi: – Vəzir, mən pəri qızlarını hardan tapa bilərəm? Vəzir dedi: – Şahim, bu cür gözəl bir qəsri tikdirən adam pəri qızlarını da tapıb gətirə bilər. Yusifə əmr elə gedib gətirsin. Əgər gətirmək istəməsə, boynunu vurdur. Padşah üzünü Yusifə tutub dedi: – Oğlum, bu imarəti ki, tikdirmisən, çox sağ ol. Amma indi gedib gərək üç bacı pəri qızlarını da bura gətirəsən. Qırx gün sənə möhlət verim. Gətirməsən, boynunu vurduracağam. Yusif padşahın yanından çıxıb, yenə bikef evlərinə qayıtdı. Anası oğlunun sür-sifətinə baxan kimi başa düşdü ki, padşah yenə görəsən nə tapşırıb. Dedi: – Oğul, padşah səni indi hara göndərir? Yusif dedi: – Padşah indi də məni üç bacı pəriləri gətirməyə göndərir. Qırx günə kimi tapıb gətirməsəm, boynumu vurduracaq. İzin ver gedim. Sənubər oğlunun boynunu qucaxladı, üz-gözündən öpüb, xeyirdua verib yola saldı. Özünə də dedi: – Oğul, bil, agah ol, sənin atanı əsir eləyən həmən üç bacı pərilərdi. Əgər onları tapa bilsən, atanı onların əlindən almamış geri qayıtma. Yusif az getdi, çox getdi, gəlib yenə həmən bulağın başına çatdı. Yenə bir az sudan içib sərinlədi. Bir də gördü həmən nurani qoca peyda oldu. Qoca dedi: – Oğul, səfərin indi haradı? Yusif dedi: – İndi də üç bacı pəriləri gətirməyə gedirəm. Qoça dedi: – Oğul, bu yol çox qorxulu yoldu. Bura gedər-gəlməz deyirlər. Yaxşı olar qayıdasan, getməyəsən. Amma görürəm, sən bu sevdadan əl çəkən deyilsən. İndi ki, gedirsən, get, amma sözlərimə yaxşı qulaq as. Gedəndə əvvəlcə qabağına bir dərya çıxacaq. Boğulmağınnan qorxma, vur özünü suya. Bir az gedəndən sonra qabağına od-alov çıxacaq, görəcəksən hər yer od tutub yanır. Nə badə qorxub geri çəkiləsən. Gözünü yum, özünü vur odun içinə. Burdan da qurtarandan sonra qabağına o qədər ilan-çayan, çəmbərquyrux, şir, pələng, əjdaha çıxacaq ki, ayax basmağa yer tapmiyacaqsan. Hamısı ağzını açıb üstünə cumacaq. Heç qorxmazsan ha! Başını aşağı salıb, onları ayaqlayaayaqlaya keçib gedərsən. Bir də gözünü açıb görəcəksən ki, iki yolun ayrıcındasan. Bu yolların biri qiblə tərəfə, günçıxana, o biri də günbatana gedir. Sən gün çıxan tərəfə gedərsən. Qabağına bir bulax çıxacaq. Haman dediyin o üç bacı pərilər hər gün o bulağa çimməyə gəlirlər. Sən çalış onların donunu5 yandır. Ondan sonra nə desən razı olacaxlar. Yusif qocadan razılıx eləyib, başladı yol getməyə. Yeddi gün, yeddi gecə yol gedənnən sonra qabağına bir dərya çıxdı. Gördü bu dəryanın nə ucu var, nə bucağı. Özünü vurdu dəryaya, başladı suyu keçməyə. Yusif getdikcə dəryanın suyu da çəkilirdi. O, ayağını suya basdıxca, ayağının altı quruyurdu. Bir neçə gündən sonra dəryanı keçib qurtardı... İndi də qabağına od-alov çıxdı. Hara baxdısa elə gördü düzdünya od tutub yanır. Əvvəlcə oda girməyə ürək eləmədi. Birdən qocanın sözü yadına düşdü. Gözünü yumub, özünü vurdu alovun içinə. Yusif alovun içinnən getdikcə qabağına aydınca yol çıxırdı. Bir də baxıb gördü ki, odun içindən qurtarıb. Bir az gedəndən sonra qabağına bir cəzirə çıxdı. Gördü bu cəzirədə o qədər ilan-çayan, şir, pələng, qurd, əjdaha, elə bədheybət əcayib-qərayib heyvanlar var ki, adam baxanda az qalır ciyər-öfgəsi ağzına gəlsin. Bunlar hamısı ağzını açıb Yusifin üstünə töküldülər. Yusif başını aşağı salıb, bunları heç vecinə də almadı. Başladı getməyə. Bir də gözün açıb, bir bulağa rast oldu. O saat başa düşdü ki, tilsimli yolları keçib qurtarıb. Bir az bulağın başında çörək yeyib, sudan içdi. Gördü yaman yuxusu gəlir. Fikirləşdi, yerdə yatsam gəlib qurt-quş yeyər. Bulağın başında bir dağdağan ağacı varıydı, çıxıb orda yatdı. Yusif burda yatmaqda olsun, sizə kimnən xəbər verim, üç bacı pərilərdən. Üç bacıların kiçiyi bardağı götürüb, bulağa suya gəlmişdi. Əyilib bardağı dolduranda gördü Yusif suyun içində yatıb. Qız məəttəl qaldı, axı Yusifi evdə yata-yata qoyub gəlib. O, nə tez gəlib bu suyun içinə girdi. Tələsik evə gəlib gördü Yusif qızıl taxtın üstündə xorhaxorla yatır. Əhvalatı bacılarına söylədi. Qızların üçü də əvvəlcə gəlib evə baxdılar. Gördülər Yusif yatır. Sonra da gedib bulağa baxdılar. Gördülər Yusif doğrudan da suyun içində yatıb. Bu işə mat- əəttəl qaldılar. Böyük bacı dedi: – Bacılı-bacılı, gəlmişkən gəlin həmi çimək, həm də Yusifi sudan çıxardax. Görək nə həngamədi? Pəri qızları donlarını çıxardıb, girdilər suya. Şappıltıya Yusif ağacın başında yuxudan oyandı. Baxıb gördü pəri qızları suyun içindədilər. O, fürsəti fovta verməyib, tez ağacdan düşdü. Pəri qızlarının donlarını götürdü. Pəri qızları suda nə qədər Yusifi axtardılarsa tapmadılar. Sudan çıxıb, donlarını geymək istəyəndə gördülər donları yoxdu. Qızlar aşladılar donlarını axtarmağa, Yusif dedi: – Ey pəri qızları, havayı yerə axtarmayın, paltarınız məndədi. Mən gəlmişəm sizi aparmağa. Qızlar nə qədər yalvar-yapış elədilər ki, donumuzu ver geyək; sonra hara deyirsən gedək. Yusif dedi: – Xeyr, keçəl suya getməz. Qızlar gördülər ki, yalvarmaqdan bir şey çıxmır. Axırda əlacları kəsildi, dedilər: – Oğlan, indi ki, belə oldu, sən deyən olsun, donumuzu ver, heç olmasa gedək bizə, evdə amanatımız var, onu da götürək, hara deyirsən gedək. Elə Yusifə bu lazım idi. O, razı olub dedi: – Onda ananızın südünə and için, sonra donlarınızı verim. Qızlar analarının südünə and içdilər. Yusif onların donlarını verdi. Yusif üç bacı pərilərə qoşulub, getdi onların evinə. Bacılar o saat yemək hazırlayıb, süfrə saldılar. Başladılar çörək yeməyə. Yusifin dədəsi də burada idi. Amma dədə-bala hələ bir-birini tanımırdı. Dədəoğul bir-birinə o qədər oxşayırdı ki, elə bil bir almaydı yarı bölübsən. Pərilərin böyük bacısı Yusifdən xəbər aldı: – Ay oğlan, axı bir de görək sən kimsən, hardan gəlib, hara gedirsən? Balaca Yusif, pəri qızlarının dədəsini aparmağınnan başlamış ta bu günə kimi başlarına gələn bütün qəzavü-qədərin hamısını bir-bir söylədi. Böyük Yusif başa düşdü ki, bu onun öz oğludu. O, oğlunu qucaxladı, üz-gözündən öpüb dedi: – Oğul, sən mənim doğmaca balamsan. Pəri qızları bunları belə görəndən sonra tutduxları işə peşman oldular. Böyük bacı dedi: – İndi hara deyirsiniz gedək. O saat balaca Yusif divin verdiyi tükü yandırdı. Bir də gördülər kərə div nəriltiynən-gurultuynan gəlib durdu balaca Yusifin qabağında, dedi: – Yusif, qardaşım, mənə görə nə qullux? Yusif dedi: – Bizi öz torpağımıza apar. Kərə div bir nərə çəkdi. O saat hər tərəfdən divlər tökülüb gəldilər. Hərəsi bunların birini dalına alıb qalxdılar göyə. Buludların arasıynan uça-uça gəldilər Yusifin anası olan padşahın torpağına. Yusif bunları da götürüb getdi anasının yanına. Anası uzaqdan oğlunu görüb, sevinə-sevinə yüyürdü oğlunun qabağına. Yusif dedi: – Ana, bu yanımdakıları tanıyırsanmı? Sənubər dedi: – Yox ay bala, bunlar kimdi? Balaca Yusif dedi: – Ana, bu dədəmdi, bunlar da pəri qızları. Sənubər diqqətnən baxıb gördü ki, doğrudan da əridi. Sevindiyindən qəşş eləyib ürəyi getdi. Hannan-hanna ayılıb ilan kimi sarmaşdı ərinin boynuna. Sənubər başına gələn bütün əhvalatı ərinə danışdı. Sonra üç bacı pərilər Sənubərin ayağına döşənib, ondan aman istədilər. Sənubər bunların günahından keçdi. Sənubər həmən gün bir məclis düzəltdi. Yedilər, içdilər, şadlıx elədilər. Sabahı günü balaca Yusif pəri qızlarını çağırıb dedi: – Padşah məni sizi gətirmək üçün göndərmişdi. İndi durun, gedək sizi aparım. Əgər aparmasam padşah mənim boynumu vurduracaq. Böyük bacı dedi: – Yusif, sən bir yollux bil, agah ol, bizi aparıb padşaha versən, o sənnən əl çəkməyəcək, bu dəfə səni elə yerə göndərəcək ki, gedib qayıtmayacaqsan. Tilsimlərdə batıb qalarsan. Yaxşısı budu sən padşahı öldür. Yusif gördü qız düz deyir. Odu ki, kərə divi divlər padşahının üstünə göndərib, ondan kömək istədi. Aradan bir gün keçdi. Yusif bir də gördü hər yeri toz-duman basdı. Bir nərilti, gurultu qopdu ki, gəl görəsən. Baxıb gördü divlər padşahı öz qoşunlarıynan gəlir. Yusif qabağa çıxıb, divlər padşahıynan görüşdü. Divlər padşahı dedi: – Yusif, mənə görə nə qullux? Balaca Yusif dedi: – Bu torpağın padşahı mənim düşmənimdi. Əmr elə qoşuna onu öldürsünlər. Divlər o saat hücum eləyib padşahı, vəziri, vəkili parça-parça elədilər. Qoşunu tamam qırıb çatdılar. Balaca Yusif atasını padşah qoydu, özü vəzir oldu. Üç qardaşın balacası ki, anasının yanında qalırdı, onu da vəkil elədi. Toy tədarükü başlandı. Böyük Yusif taxta çıxandan sonra özünün, Sənubərin ata-anasının dalınca adam göndərib onları da çağırdı. Yeddi gün, yeddi gecə toy elədi. Pəri qızların kiçiyini oğlu Yusifə, ortancılını arvadına hayan olan balaca oğlana aldı. Toydan sonra Yusif divlər padşahını öz torpağına, əmisiynən ataanasını da öz vilayətlərinə yola salıb, təzədən Sənubərlə ömür sürüb gün keçirməyə başladı. Göydən üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də özümün.