Zöhrə ilə deyişmə
| Zöhrə ilə deyişmə Müəllif: Aşıq Ələsgər |
| Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Müxəmməs |
Ə l ə s g ə r
Söylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə dedi?
Bülbül tək asmana yetişib nalam,
Səhni-gülüstana dedin, nə dedi?
Z ö h r ə
Gedib, ərzi-halın yara söylədim,
İnciməsin məndən, – canana dedi.
Zülm əliylə məni yada verirlər,
Viran qalsın belə zamana, – dedi.
Ə l ə s g ə r
Yadıma salanda boy-büsatını,
Xəstə könlüm minir eşqin atını,
Gah axtarır yerin yeddi qatını,
Gah çıxır asmana, dedin, nə dedi?
Z ö h r ə
Nakəs müxənnətin boynu vurulsun,
Vay düşsün evinə, şivən qurulsun,
Məhərrəmin oğlanları qırılsın,
Qalmasın yurdunda nişana! – dedi.
Ə l ə s g ə r
Aşiq oldum bir nainsaf millətə,
Qolu bağlı məni verdi cəllətə.
İncilə, Zəbura, Səhfə, Tövrətə,
And verrəm Qurana, dedin, nə dedi?
Z ö h r ə
Seyraqublar aralığı qatdılar,
Zülm ilə boynuma kəmənd atdılar,
Atam, anam məni pula satdılar,
Onlar yetişməsin imana, – dedi.
Ə l ə sg ə r
Könül gərək istədiyin istəyə,
Dostun sözün dosta gərək dost deyə.
Rəhm elədin mən günahkar xəstəyə,
Dərdimi Loğmana dedin, nə dedi?
Z ö h r ə
Zöhrəyəm, sinəmdə dərdü qəm çoxdu,
Üstümə tökülən peykandı, oxdu,
Dünyada ədalət, haqq-divan yoxdu,
Yetirə dərdimi dərmana, – dedi.
Ə l ə s g ə r
Kəc dolandırmasın xam xəyalını,
Can qoyan istəməz dünya malını.
Yazıq Ələsgərin ərzi-halını
Sərvi-xuramana dedin, nə dedi?