Zülfü

Vikimənbə saytından
Zülfü
Müəllif: Miskin Əli
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

  
Naz eləyən nazlı dilbər,
Tök gərdana siyah zülfü.
Qumru tək avazlı dilbər,
Salla yana siyah zülfü.

Sinəm üstünü dağlama,
Dostunun yolun bağlama,
Cəllad tək yağı saxlama,
Şirin cana siyah zülfü,

Ünüm asimana çatır,
Müjganın sinəmə batır,
Gör nə qədər gözəl tutur,
Gümüş tana siyah zülfü.

Sən ol əhvalım soruşan,
Yanağında dənə nişan
Gətirmə, qılıb pərişan,
Dad amana siyah zülfü.

Sənin təki sona teli,
Kafər görsə dinə gəli,
Vəsf eləyir Miskin Əli,
Yana-yana siyah zülfü.