Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil!
Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil Müəllif: İmadəddin Nəsimi |
Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil!
Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil!
Bürqəi tərh eyləmişsən, ey qəmər, üzündən uş,
Fitneyi-axırzaman etmək dilərsən, etməgil!
Xəttü xalın "Məntiqüt-teyri"dir əhli-vəhdətin,
Quş dilin sən tərcüman etmək dilərsən, etməgil!
Çün ənəlhəqdən götürdü surətin mahı niqab,
Sən həqi neçün nihan etmək dilərsən, etməgil!
Surətin gənci-xəfidir, göstərərsən güzgüdə,
Aləmi eyni-əyan etmək dilərsən, etməgil!
Qəmzədən misri qılınc vermişsən əsrük türkə kim,
Qanbəhasız necə qan etmək dilərsən, etməgil!
Kirpigindən canşikar oxları düzmüşsən, məgər
Qaşların yayın kəman etmək dilərsən, etməgil!
Badə vermişsən pərişan zülfünü sən dağıdıb,
Canları bixaniman etmək dilərsən, etməgil!
Latəhərrük ayəti gəldi bəyanın şə’ninə,
Ol bəyanı sən bəyan etmək dilərsən, etməgil!
Ey Nəsimi, həqdən istərsən götürmək pərdəyi,
Bütpərəsti bigüman etmək dilərsən, etməgil!