Zülfi-nigari yel dağıdar şanədən çıxar
Zülfi-nigari yel dağıdar şanədən çıxar Müəllif: Vüqar Biləcəri Tərcümə edən: Hüseyn Cəlilov |
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 33 |
Zülfi-nigari yel dağıdar şanədən çıxar,
Eşq əhli ətrin almaq üçün xanədən çıxar.
Derlər camalı-Əhmədə bənzərdi surətin,
Məna verənlər olmasa məna nədən çıxar.
Pərvanə yaxdı balu-pərin nari-hicridə,
Şəm onda bildim heyfini pərvanədən çıxar.
Ey yar, xatirimdə mükərrəmdi xatirin,
Biganəlik əlaməti biganədən çıxar.
Göstər üzün, könül quşu qoşsun təranələr,
Bülbül bahar gələndə uçub lanədən çıxar.
Ağ dişlərin sədəfdi nizam ilə səfbəsəf,
O şəşəə nə inci, nə dürdanədən çıxar.
Ey saliki-təriqi-vəfa, bir zaman gələr,
Asudəlik xəzinəsi viranədən çıxar.
Canım da fəda canına, ey canımın canı,
Can almaq hökmü sən kimi cananədən çıxar.
Şah şahlığıyla fəxr eləyib, qürrələnməsin,
Bir gün gələr cənazəsi kaşanədən çıxar.
Hüsnündə şəms cilvəsi, şahlıq vüqarı var,
Şahi-zamanə sən kimi şahanədən çıxar.