Zəhərlə sağalan oğlan
Rəvayətlər. Zəhərlə sağalan oğlan Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir şahın oğlu xəstə idi. Nə qədər loğman gəlir, dərdinə əlac
edə bilmir. Loğmanlardan biri deyir ki, buna əlac yoxdur. Çox
çəkməz, ölər. Bunu eşidən oğlan baş götürüb diyarbadiyar gedir.
Gedir bir çobana rast gəlir. Ondan süd istəyir. Çoban bir çanaq süd
sağıb oğlana verir. Oğlan südü bir daşın üstünə qoyur. Bu vaxt daşın
altından bir ilan çıxır, oğlanın başı qarışanda südü zəhərləyir. Sonra
daşın altına girir. Oğlan südü içib gedir. Yolda yenə həmin loğmana
rast gəlir. Loğman deyir:
– Oğlum, hara gedirsən?
Oğlan cavab verir:
– Dərdimə əlac yoxdu, baş alıb gedirəm.
Loğman deyir:
– Oğlum, sən sağlamsan, qayıt evinizə.
Oğlan inanmır.
Loğman deyir:
– Bir ilan səni sağaldıb.
Oğlan deyir:
– Bu necə ola bilər?! Mən ilan-zad görməmişəm.
Loğman deyir:
– İlan sənin gözünə görünməyib. Çobandan aldığın südü xəlvəti zəhərləyib. Sən də bilməyib içmisən. O da sənə şəfa verib.
Oğlan gördü loğman deyən düzdü, şəfa tapıb, sevincək evlərinə qayıtdı.