Zəhi, zatın nihanü ol nihandan masiva peyda

Vikimənbə saytından
Zəhi, zatın nihanü ol nihandan masiva peyda
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005.s.40.

Zəhi, zatın nihanü ol nihandan masiva peyda,
Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda.

Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur,
Degil bihudə olmaq yox ikən ərzü səma peyda.

Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmiş
Qübari-tirədən ayineyi-gitinüma peyda.

Dəmadəm əks alır mir’ati-aləm qəhrü lütfündən,
Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda.

Gəhi toprağə eylər hikmətin min məhliqa pünhan,
Gəhi sün’ün qılır topraqdən min məhliqa peyda.

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi,
Qılıbdır hikmətin küffar içində ənbiya peyda.

Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün,
Füzuli tirə təb’indən kəlami-canfəza peyda!