Məzmuna keç

Zakirin böyük bəydən təzə təxt istəməsi

Vikimənbə saytından
Zakirin böyük bəydən təzə təxt istəməsi
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Ey Böyük bəy, sən bizə verdiyin təxt,

Mənim dişlərim tək övraq olubdur.

Çürüyübdür payələri sərasər,

Bir dutumdan hələ alçaq olubdur.


Pozulubdur, dağılıbdır hər yanı,

Əgər göndərəsən usta Sehranı,

Yəqin bil ki, yoxdur qurmaq imkanı,

Bir növ ilə gərdənbucaq olubdur.


Bir payəsin mıx çalmışam danaya,

Birisi gəlmədi heç ovsanaya,

Birin övrət paz yondurub hanaya,

O birindən əcəb toxmaq olubdur.


Dağılıb, iqlimi-İranə dönüb,

Yıxılıb, sərayi-viranə dönüb,

Əyilib qaməti, piranə dönüb,

Tamam parçaları çuynaq olubdur.


Neyləsin, işlənir müddətdən bəri,

Qalmayıbdır hərgiz şənlik əsəri,

Sındıqca vonulub döşəmələri,

Eni, boyu iki barmaq olubdur.


Lazımdır qocadan eyləmək həzər,

Ölməli olubdur, bivəch gəzər,

Hər zaman uzansam, böyrümü əzər,

Sanasan ki, quru qaltaq olubdur.


İp ilən baş-başa çatmalı deyil,

Götürüb ocağa atmalı deyil,

O qədər gödəlib, yatmalı deyil,

Uşaq beşiyindən qıvraq olubdur.


Natəvanam, birə mənə güc eylər,

Heç bilmənəm yerdə yatan nec eylər,

Ta sübhədək qaşınmaqdan gecələr,

Varəndamım dırnaq-dırnaq olubdur.


Rəncü-təəb əsər etməz qalına,

Axşamadan yük götürə dalma,

Mən zərdü-zəifəm, xoşa halına,

Hər kim ki, sənin tək topcaq olubdur.


Ey mə’dəni-səxa, ey kani-kərəm,

Gərəkdir gözləyə adəmi adəm,

Bəxş eylə Zakirə bir təxti-möhkəm,

Qoyma, xabgahım çardaq olubdur.