Məzmuna keç

Zalım padşah və qarı

Vikimənbə saytından
Rəvayətlər. Zalım padşah və qarı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Zalım bir padşah var imiş. Zülmü yerə-göyə sığmazmış. Bir gün padşaha xəbər gəlir ki, gözünün ağı-qarası bir oğlu yatağa düşüb can üstədi. Padşah hər yerə car çəkdirir ki, kim oğlumu ölümdən qurtarsa, ona nə istəsə verəcəm. Təbiblər, bilici adamlar oğlanın dərdindən baş aça bilmir. Padşahın hökmü ilə tutulub zindana salınırlar.

Bu əhvalatdan xəbər tutan yoxsul bir qarı padşahın yanına gəlib deyir:

– Oğlunu sağaldaram. Şərtim də budur ki, sən gərək zindana saldırdığın bütün adamları buraxasan.

Padşah razı olur. Qarı dava-dərman düzəldib iki günə oğlanı sağaldır. Padşaha muştuluq gedir ki, gözün aydın olsun, oğlun sağaldı. Padşah muştuluq gətirənə ənam verdirir. Amma zindandakı günahsız adamları buraxdırmır. Qarı bunu eşidib oğlanı əvvəlki vəziyyətə salır. Qarının cəsarəti padşahı bərk qəzəbləndirir, sərkərdələrinə əmr edir ki, böyük qoşunla qarını aparıb daş-qalaq eləsinlər.

Qarını şəhərin kənarına aparırlar. Hərə onun üstünə bir daş atır, böyük bir dağ əmələ gəlir. El arasında bu yerə Qarıdağ deyirlər.