Zaman başa vuranda Sənainin dövrünü
Zaman başa vuranda Sənainin dövrünü Müəllif: Xaqani Şirvani Tərcümə edən: Ənvər Əlibəyli |
Zaman başa vuranda Sənainin dövrünü*,
Asimandan mənim tək bir söz yayan doğuldu.
Gömüldüsə Qəznədə bir sahir torpaqlara,
Şirvan torpağında bir sahir cavan doğuldu.
Köçdüsə də dünyadan bir xoş avazlı bülbül,
Köhnə evdə təzə bir tutizəban doğuldu.
Bir ölkədə öldüsə yeganə söz ustadı,
Başqa eldə bir ustad şer yazan doğuldu.
Getdisə də bir dahi üçünçü iqlimdən, ah!
Beşinci iqlimdə bir dahi insan doğuldu*.
Tükəndi reyhanların ömrü, güllər açıldı,
Səhərin fəcri keçdi, Günəş ondan doğuldu.
Məğribin yaxasında qəmər gizlənən zaman
Məşriqin ətəyində Günəş o an doğuldu.
Qayıtdısa Mahmudun cismi qara torpağa,
Əhdimizin Səlcuqu o torpaqdan doğuldu.
Tarixlərə baxanda gördüm Bəhmən ölən tək,
Tarixdə İskəndər tək bir hökmran doğuldu*.
Düz danışan Yusifin şirin dili susanda,
Onun varisi Musa tez anadan doğuldu*.
Əbu-Hənifə öldü, axşamüstü, həmin gün,
Şafei dan ulduzu çıxan zaman doğuldu*.
Məhv etdisə gecənin əsərini zəmanə,
Gündüzün müjdəçisi işıqlı dan doğuldu.
Çox şükür, soz bağında çiçəklər töküldüsə,
Budaqlar bəhərləndi, məna, ürfan doğuldu.
Söndü axan bir ulduz, parıldadı şəhabı,
Torpaq su içdi, ondan xoş gülüstan doğuldu.
Bir məsəl var, deyərlər: toyuq dən yedi, sonra,
Onun yumurtasından ləlü mərcan doğuldu.