Məzmuna keç

Zevsin Tifonla mübarizəsi

Vikimənbə saytından
Zevsin Tifonla mübarizəsi
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004

Bununla da mübarizə qurtarmadı. Məğlub olmuş uşaqlarını - titanları Zevsin sərt cəzalandırması Heyanı - Torpağı qeyzləndirdi. O, zülmət Tartara ərə getdi və yüzbaşlı qorxunc bədheybət Tifonu dünyaya gətirdi. Yüz əjdahabaşlı nəhəng Tifon torpağın dərinliyindən üzə çıxdı. Onun vəhşi nərəsi havanı lərzəyə saldı. İt hürüşməsi, insan səsi, qızmış öküz böyürtüsü, şir nəriltisi onun nərəsində bir-birinə qarışmışdı. Tifonun dörd bir yanında gur alov burumlanırdı, onun ağır addımları torpağı titrədirdi. Tanrılar bu dəhşətdən lərzəyə düşürdülər. İldırımsaçan Zevs isə cəsarətlə Tifonun üzərinə hücuma keçdi və onlar vuruşmağa başladılar. Zevs yenidən şimşəklər çaxdırdı, ildırımlar guruldatdı. Torpaq və göy qübbəsi əsaslı şəkildə sarsıldı. Titanlarla vuruşda olduğu kimi, torpağı yenə də parlaq alov bürüdü. Tifonun yaxınlaşması ilə dənizin çalxalanması bir olurdu. İldırım saçan Zevs yüzlərlə odlu ох-şimşək yağdırırdı; sanki bu şimşək-oxların alovundan hətta hava və qara buludlar da od tutub yanırdı. Zevs Tifonun başının yüzünü də yandırıb külə döndərdi. Tifon yerə sərildi, onun bədənindən hər şeyi yandırıb-yaxan istilik qalxırdı. Zevs Tifonun bədənini qaldırdı və atası Tartarın zülmətinə tulladı. Amma Tifon Tartara düşəndən sonra da tanrılara və bütün canlılara hədə-qorxu gəlirdi. O, tufan qoparırdı, vulkan püskürürdü; yarıarvad-yarıilan Exidnoyla evlənib, ikibaşlı qorxunc кöрəк Orfonu, cəhənnəm köpəyi Herberi (Serberi), Lerney qidrasını və Himeri Dünyaya gətirdi; Tifon tez-tez yeri silkələyirdi.

Olimp Allahları düşmənlərini yendilər. Daha heç kim onların hakimiyyətinə qarşı çıxmırdı. İndi onlar rahatlıqla dünyanı idarə edə bilərdilər. Tanrıların ən qüdrətlisi ildırımsaçan Zevs özünə göyü, Poseydon dənizi, Aid isə ölən ruhların yeraltı məmləkətini götürdü. Torpaq onların ümumi mülkiyyətində qaldı. Kronun oğlanları işıqlı dünyanın ağalığını öz aralarında bölüşdürdülər, amma onların hamısının padşahı göy hökmdarı Zevs idi. O, tanrıları və adamları idarə edir, dünyanı nəzarət altında saxlayırdı.