Zeynalın
Görünüş
Zeynalın Müəllif: Çoban Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 46 |
Yanşaqda bir igid gəlib ərsəyə,
Yoxdur bərabəri, tayı Zeynalın.
Qarşısına çıxan görünmür hələ,
Qüdrətdən verilib payı Zeynalın.
Qamışlı kəndində atdığı güllə,
Gilas budağından saldı bir gilə.
Yazdım tərifmi, yayılsın elə,
Ucalsın qoy haqqı-sayı Zeynalın.
Aynalısı xub yaraşır boyuna,
Qoymaz ovu nəzərindən yayına,
Arzum budur, gələm oğul toyuna,
Şən dolansın yazı, yayı Zeynalın.
Kamil səyyad oldu, sərrast kamandar,
Murovun sərində elədi şikar.
Seyrəngahı oldu qocaman dağlar,
Oylağıdı Meydançayı Zeynalın.
Məhəmməd salacaq hər yerdə bəhsin,
Yayacaq aləmə sədasın, səsin.
Bəlaya tuş olub, zaval görməsin,
Yaxşı gəlsin ili, ayı Zeynalın!