Məzmuna keç

Zirək kəndli

Vikimənbə saytından
Zirək kəndli
Müəllif: Şifahi xalq ədəbiyyatı


Yava adasında yoxsul bir kəndli yaşayırdı. Onun azacıq yerində təkcə bircə banan ağacı bitmişdi.

Bir dəfə kəndlinin daxmasının yanından üç yolçu: rahib, həkim və sələmçi keçirdi. Banan ağacını sələmçi birinci görüb, yoldaşlarına belə dedi:

– Biz üçük, kəndli isə təkdir. Biz onun şirin bananlarından dərib yesək, o bizə nə edə bilər ki?

Əli əyri adamlar da kəndlinin gözü qabağında onun yeganə ağacının meyvəsini dərib yeməyə başladılar.

– Hörmətli ağalar, siz nə edirsiz? – deyə kəndli ümidini itirmiş kimi qışqırdı. – Axı bu mənim bananımdır!..

– Sənin olanda nə olar ki? – deyə rahib arsız-arsız soruşdu.

– Banan bizim xoşumuza gəldi, odur ki, yeyirik, – deyə həkim əlavə etdi.

– Bizə mane olma, yoxsa, işin pis olar! – deyə sələmçi onu hədələdi.

“Onlar üçdür, mən isə təkəm, – deyə kəndli öz-özünə düşündü. – Güclə, zorla mən onlara qalib gələ bilmərəm. Ancaq belə də durub sakit-sakit onların mənim öz yerimdə ağalıq eləmələrinə baxa bilmərəm!”

Odur ki, üzünü çağırılmamış qonaqlara tutub dedi:

– Öz evimdə göylərin elçisini və məşhur həkimi görmək mənim üçün böyük xoşbəxtlikdir. Ancaq mən sizə lap mat qalmışam ki, sizin yanınızda sələmçi kimi alçaq bir adam da vardır. Bir baxın görün, o necə acgözdür: siz bananın birini dərənəcən o, beşini, həm də ən dəymişlərini dərir!

Rahib qəzəblənib dedi:

– Acgöz sələmçi, sən göylərin elçisinə qarşı hörmətsizlik etmisən! Əlimiz, ayağımız sənə dəyməmiş, tez buradan rədd ol get!..

“Onlar üçdür, mən təkəm” – deyə sələmçinin ürəyinə qorxu düşdü və tez qaçıb getdi. Rahib ilə həkim isə əvvəlki kimi banan dərib yeməkdə idilər. Onda kəndli, həkimə bu sözlərlə müraciət etdi:

– Hörmətli cənab, mənə acığınız tutmasın, ancaq mənə elə gəlir ki, sizin elminiz insan xəstəliklərini müalicə etməyə qadir deyil.

– Ay qanmaz, sən hara, mənim elmimi başa düşmək hara? – deyə həkim hirsləndi. – Mənim məsləhətimlə çox-çox adamlar sağalıblar.

– Mənə elə gəlir ki, o adamlar ona görə sağalıblar ki, allah onların sağalmağını istəyirmiş.

– Allahın buna nə dəxli var? – deyə həkim qışqırdı. – Adamları mən sağaldıram, allah yox.

– Sən nə danışırsan, xəbis?! – deyə rahib hirsləndi. – Sən allahın böyüklüyünü inkar etməyə cürət edirsən!..

– Müqəddəs ata, o, allahı təhqir etdi! – deyə kəndli rahibin sözünü kəsib dedi. – Bu xəbis özü ilə böyük bəla gətirə bilər!

– Bu saat gözümüzün qabağından rədd ol! – deyə rahib bağırdı.

“Onlar ikidir, mən təkəm”, – deyə həkim öz-özünə fikirləşdi, bananı yaddan çıxarıb tez qaçdı.

Kəndli ilə rahib təkbətək qalanda kəndli rahibdən soruşdu:

– Bəs sən, cürbəcür müqəddəs qanunlar öyrənən alim, de görüm, o qanunlar başqasının malını mənimsəməyi qadağan etmirmi?

– Bəli, orası elədir, – deyə rahib onunla razılaşdı.

– Yaxşı, bəs onda, sənin öz malın olmayan bananı nə üçün dərib yeyirsən?

Rahib kəndliyə nə cavab verəcəyini düşünürdü ki, kəndli yekə bir dəyənək götürdü, rahibə yolu göstərərək dedi:

– Müqəddəs ata, get öz yolunla, düz get, bir də bundan sonra mənim ağacıma yaxın düşmə!

Rahib kəndlinin əlindəki yekə ağaca baxıb baş əydi və tez çıxıb getdi.

Zirək kəndli çağırılmamış qonaqlarından yaxasını belə qurtardı.