Məzmuna keç

Zur etdi dəhr möhnəti canə yavaş-yavaş

Vikimənbə saytından
Zur etdi dəhr möhnəti canə yavaş-yavaş
Müəllif: Qasım bəy Zakir
Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, "Yazıçı", 1984, 254 səh.


Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,
Cism oldu tiri-çərxə nişan yavaş-yava.

Kibrü Şürurdən, - dedi, - en, Əvvəl enmədim,
Dediyin etdi dövri-zəmanə yavaş-yavaş.

Qovğa günü bəgənməz idim Hərbi-Rüstəmi,
Zali-fələk gətirdi əmanə yavaş-yavaş.

Xoş gəlməz indi səmimə, bilməm səbəb nədir,
Avazi-nayü cəngü təranə, yavaş-yavaş.

Eyşü nişatdən soyuyub meylü xatirim,
Olmuş füzun ahü fəğanə yavaş-yavaş.

Diş düşdü, ağzım oldu uçuq xanədən betər,
Dağıldı dürri-gəncü xəzanə yavaş-yavaş.

Hər qanda bir məh olsa mana mehriban idi,
Mehr etməz indi sahibi-xanə yavaş-yavaş.

Tutub üzümə gedər idim dust kuyinə
Bir töhfə əldə olsa bəhanə, yavaş-yavaş.

Zakir, kəs iltifatını bu dəhri-fanidən,
Təslim eylə cani cananə yavaş-yavaş.