Məzmuna keç

"Əkinçi", 13 may 1876, №9/Əf’ali-əhli-dehat

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 13 may 1876, №9

Məktubat

Əkin yerinə, əvvələn cəmadat, saniyən ələfiyyat, salisən heyvanatdan əmələ gələn şeyləri, rabiən zikr olan şeylərdən məxlut olan şeyləri qarışdırmaqlıq ilə onu qüvvətli etmək olur.

Əzcümlə cəmadat işlənir:

1) Əhəng daşı ki, onu yandırıb üstə su töküb un təki edəndən sonra.

2) Qarğa duzu ki, onu da yandırıb un kimi edəndən sonra.

3) Xörəkdə işlənən duz və bir neçə qeyri duzlar ki, onları da əzib xırdalayandan sonra əkin yerinə çəkib onu şuxm etmək gərək.

Ələfiyyat 3 qism olur. Əvvələn:

1) Bəlim, yəni ol otlarını budaqları ki, onların toxumu insana gərəkdir, məsələn, arpa, buğda bəlimi.

2) Yarpaqları lazım olan, məsələn, tənbəki otunun budaqları.

3) Kökü lazım olan, məsələn, yerkökü, zılx kartofelin budaqları və yarpaqları.

4) Ağacların xəzəli, qarğı qamışı, şirin ya dərya suyunda əmələ gələn otlar və qeyrə.

Zikr olan ələfiyyatları ya mal nəcisinə qarışdırıb ya aşağıda zikr olan kimi işlədillər. Ol ələfiyyatları bir duzlanmış və bərkinmiş yerə 3-4 arşın hündürlükdə yığıb taya vurub onun eniş tərəfində bir quyu qazıb, ol quyunu su ilə doldurub ona əhəng, kül, qarğaduzu, heyvanat sidiyi və bəzi ələfiyyat töküb onlar çürüyən vaxtda ol suyu haman tayanın üstə səpib üstün ot ilə örtüb kürək ilə döyüb bərkitmək gərək. Bu tövr ilə hər gündə ol tayanı isladıb bərkidəndən 8-9 gün sonra ol ələfiyyatlar çürüyür. Ol vaxt tayanı açıb soyudub onu əkin yerinə çəkib şuxm etmək gərək.

Saniyən, əkin biçiləndən sonra köklərin üstə qalan budaqlardır ki, ol yeri şuxm edib onları yerə qarışdırmaq gərək.

Salisən, əkin yerində qəsd ilə bəzi ələfiyyatı toxm edib sonra onlar gül açan vaxta ol yeri şuxm edib onları yerə qarışdırmaq gərək. Belə kök otlar ilə yeri qüvvətli edəndə gərək elə otlar ilə edəsən ki, onların kökü dərinə gedib, oradan duzları sorub əmələ gələ ki, onları yerə qarışdıranda yerin üzü ol duzlar qarışmaqdan qüvvətlənsin. Həmçinin gərək ol otların kükürdü çox ola ki, yeri nəmiş saxlaya və özləri tez çürüyən ola.