Məzmuna keç

"Əkinçi", 18 noyabr 1875, №9/Elm xəbərləri

Vikimənbə saytından
Əkin və ziraət xəbərləri "Əkinçi", 18 noyabr 1875, №9

İrəvandan məktubdur

Almaniya qəzetlərində belə yazırlar ki, bir toyuq ömründə 600 yumurta yumurtdaya bilir. Əvvəlinci ili 20, ikinci ili 120, üçüncü ili 130, dördüncü ili 214 yumurtdayır. Amma dörd yaşından sonra hər il 20 əskik yumurtdayır, ta ki doqquz yaşmacan. Ondan sonra ildə ancaq 10 yumurta yumurtdayır. Belə olan surətdə yumurtadan ötrü toyuq saxlayan gərək 3 ya 4 ya 5 yaşında toyuq saxlasın, ondan cahil ya qoca saxlamasın.

Qəzetlərdən belə mə’lum olur ki, ingilis məmləkətində inək sağmaqdan ötrü bir quttaperçi düdük bina ediblər ki, o düdüyün 4 ucu var. Hər bir ucunun içinə inəyin bir əmcəyini salanda inəyin sütü özbaşına qurtarınca axır, sonra düdük özü düşür.

İldırım, yağış çox yağan vilayətlərdə çox vaxtda yerə düşüb, ziyadə zərər edir və imtahan ilə məlum olubdur ki, ildınm hündür şeylərin, məsələn, hündür ağacın ya hündür evin üstə artıq düşür. Ondan savayı mə’lumdur ki, bəzi ağaclar, məsələn, palıd və qoz ağacları ildırımı çəkdiyinə onların üstə çox düşür, amma qovaq və daranqu ağacları onu çəkmədiyinə onların üstə ildırım düşmür. Bu səbəblərə indi Avropa şəhərlərində hər bir evin ətrafında qovaq əkirlər ki, evləri ildırımdan mühafizət etsin.

Gümüş şeyləri belə təmizləmək olur: bir qazanda kartofeli bişirib çıxardandan sonra onun suyunu iki saat saxlayıb o su ilə gümüş şeyləri yuyanda onlar çox təmiz olurlar. Guya onları torpaq ilə sürtmüsən. (Gümüş şeyi torpaq ilə və ya qeyri şey ilə sürtmək yaxşı deyil, onda gümüşün qədəri azalır). Zik olan kartofel suyu ilə mis və dəmir şeyləri də təmizləmək olur, beşərta ki, məzkur şeyləri yuyandan sonra təmiz əski ilə qurudasan.

Yolunmamış quşları saxlamaq çox müşküldür. Ona binaən ki, onlar tez iyiyib xarab olurlar. İndi ingilis qəzetlərində yazırlar ki, başı kəsilmiş quşu saxlamaqdan ötrü onun boğazına bir yumru kömür soxub sap ilə bərk bağlayıb bir quru və külək dəyən yerdə asanda onları bir neçə gün saxlamaq olur.

Qerman adlı şəxs yazır ki, zəli ilə havanı dəyişməyin belə bilmək olur: bir şüşəni yarısınacan su ilə doldurub onun içinə bir zəli salıb ağzını bez ilə bağlayıb evdə saxlayanda hava dəyişməyin bilmək olur: əgər sübhdən görəsən ki, zəli şüşənin dibində yatıb, yəqin ki, hava yaxşı olacaq. Əgər zəli şüşənin suyunun üzünə çıxırsa, yəqin yağış ya qar yağacaq və ya bərk külək əsəcək.

Qəzetlərdə yazırlar ki, burundan gələn qanı belə kəsmək olur: əgər qan burnun sağ deşiyindən gəlirsə, ol vaxtda sağ əlin kiçik barmağının ucunu dırnaqdan yuxarı və axrıncı bənddən aşağı sap ilə bərk bağlayanda, ya burnun sol deşiyindən qan gəlirsə sol əlin zikr olan barmağını məzkur qayda ilə bağlayanda qan kəsilir.

Gürcüstanda ud adlı bir tayfa var ki, onun dilində Misir əhlinin dilinin sözlərindən çox sözlər var. Qədim tarixlərə binaən Misir əhli bir neçə min il bundan əvvəl Gürcüstanı zəbt etmişlər imiş. Belə görünür ki, onların bir güruhu bizim Gürcüstanda qalmış imiş. Çünki zikr olan ud tayfası mürur ilə azalıb tələf olur və yavuq zamanda bilmərrə yox olacaqdır, ona binaən indi elm sahibləri ol tayfanın dilini öyrənib onun Misir əhli olmağını sübut edirlər.

Bu çağadək yanğını su ilə keçirdirlər idi, amma indi mə’lumdur ki, yanğı çox şiddət edən zaman onun üstə su tökən zaman su özü yanır. Bu səbəblərə indi Amerikada su buğu ilə yanğını keçirdirlər.

Bu elm xəbərlərin yazıb Əsgər Mirzə Adıgözəlzadə Gorani.