"Əkinçi", 27 may 1876, №10/Əf’ali-əhli-dehat

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 27 may 1876, №10

Məktubat


5 min ildir ki, insan barama qurdun bəsləyib onun baramasından ipək qayırır. Əvvəl zaman onu Çin məmləkətində saxlayırlar imiş, sonra mürur ilə hər bir tərəfdə. Hətta soyuq tərəflərdə, məsələn Moskva şəhərində saxlayırlar. 22 il bundan sabiq Firəngistanın cənubi tərəfində barama qurduna naxoşluq düşüb, bir az müddətdə elə şiddət edib ki, hər ildə xalqa 90 milyon manatacan zərər olub. Ġpək çəkən zavodlar boş qaldığına çoxu bağlanıb, fabrikaçılar ki, ipək parçaları qayırırlar, qeyri vilayətlərdən gələn ipək baha olduğuna yoxsul olublar. Hətta kənd əhli barama qurdundan əl çəkib, tut ağaclarını qırıb, onun yerində əkin, ziraət etmək istəyib. Bu səbəblərə məhkəmeyi-dövlət tut ağaclarını qırmağı qadağan edib hükəmalardan iltimas edib ki, zikr olan naxoşluğun səbəbini bilib onun əlacını tapsınlar. Hükəmayi-Firəngistan bir neçə il zəhmət çəkib iki firqə olub. Hər bir firqə öz təsəvvürünü belə bəyan edir.

Firqeyi-əvvəl ki, onun rəislərinin birisi məşhur Pasterdir, deyir: ol naxoşluğun səbəbi oldur ki, indi barama qurdunu ol qədər saxlayırlar ki, onu saxlayan kəslər qurd çox olduğuna onları yaxşı saxlaya bilmirlər. Onun mənzili ya soyuq, ya isti, ya natəmiz olur ki, naxoşluq əmələ gəlir. Gərək onlar saxlanan mənzil böyük və quru ola ki, onun havası təmiz olsun. Onun akoşkaları ola ki, işıq olsun. Onun istisi həmişə 15-20 dərəcə ola, yarpaqları qurda verəndən irəli bir az saxlayasan ki, onların üstə olan şəbnəm qurusun. Belədə əgər bəzi qurdlar naxoşlasa onları götürüb atmaq ilə qeyrilərini naxoşluqdan mühafizət etmək olur. Zikr olan qayda ilə Paster bir neçə il qurdları öz evində bəsləyib onlardan barama hasil edib. Ona binaən 4 il bundan sabiq məhkəmeyi-dövləti-Firəngistan (indi Firəngistanda padşah yoxdur. Dövlət işini məhkəmə mülahizə edir ki, ol məhkəmənin calislərini camaat zübdə edir) zikr olan Pasterə 4 min manat pensiya təyin edib ki, ömrü olduqcan hər ildə ol məbləğ ona verilsin.

Firqeyi-digər deyir ki, barama qurdunu insan çoxdan bəslədiyinə onlar elə zəif olub ki, insan nə qədər zəhmət də çəksə, onların zəif bədəninə naxoşluq dəyib onları tələf edəcək. Ona binaən onları saxlamaqdan qeyri barama qıran qurdları bəsləyib onların baramasından ipək çəkmək yaxşıdır. Ol qurdlardan, ələlxüsus, palıd və gərçək ağaclarının yarpağını yeyən qurdların baraması yaxşı olur. Ona binaən indi tamam Avropa vilayətlərində palıd və gərçək kəpənəklərinin qurdlarını ol ağacların üstə tor içində bəsləyirlər. Əgərçi indi onların baramasının ipəyi az olur, amma ümid var ki, baramaların ipəklisini onlardan qurd çıxartmaq ilə bir qərinədən sonra onlar da tut ağacının qurdu kimi çox ipəkli barama qayırsınlar. Bu firqənin bəzi calisləri o fikrə düşdülər ki, ipək yerinə hörümçək toru işlətsinlər. Onlar zikr olan torları yığıb. Onlardan sap qayırıb, parça toxuyaydılar ki, ol parça bərklikdə və şəfəqdə ipək parçadan yaman deyil idi. Amma hörümçəkləri cəm edib onları bəsləmək çətin olduğuna ol fikrə əməl edən yoxdur.