Məzmuna keç

"Əkinçi", 29 mart 1876, №6/Əkin və ziraət xəbərləri

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 29 mart 1876, №6

Məktubat

Hər bir heyvanatın xasiyyəti və bədəninin naqis, ya tamamlığı onun övladında olur. Ona binaən ingilis və qeyr Avropa maldarları səy edib, öz mallarını yaxşılandırıblar. Məsələn, mə'lumdur ki, heyvanın ayaqları qısa olduqcan yavaş yeriyir və belə ağır tərpənən mal tez kökəlir. Ona binaən kök mal istəyən kəslər o malların ayaqları qısalarını seçib onların balalarından ayaqları çox qısa olanını saxlayıb, qeyrlərini tələf edib, bu minval ilə bir qərinədən sonra ayaqları çox qısa və özü tez kökələn mal əmələ gətiriblər. Məsələn, ingilis donquzu ki, kökələndə heç tərpənə bilməz. Həmçinin mə'lumdur ki, qara malın qabaq tərəfi, yə'ni başı, boynu və döşü iri olduqcan gücü, dal tərəfi, yə'ni budları və əmcəkləri yekə olduqcan südü və tamam bədəni bərabər canlı olduqcan əti ziyadə olur. Ona binaən bir neçə qism mal əmələ gətiriblər ki, məsələn, süd malının südü, ya ət malının əti birə beş qeyr qism malların südündən və ətindən ziyadə olur. Əlbəttə, belə malları ə'lalandırmaq çətin deyil, ancaq zəhmət istər. Məsələn, süd üçün mal saxlayan aşağıda zikr olan nişanlar ilə süd mallarını cəm edib, onların balalarından ziyadə südlü olanını saxlayıb, qeyrlərini tələf etsə, bir qərinədən sonra çox ə'la mal əmələ gələr. Həmçinin malları bir qeyr tövr ilə yaxşılandırmaq mümkündür. Necə ki, yaxşı ayqırı ilxıya qoşanda ilxı mürur ilə yaxşılanır, habelə qeyr məmləkətlərdə ə’lalanmış malın kəllərini sürüyə qoşanda ondan sürü yaxşılanır. Belə ə'lalanmış malı Avropa vilayətlərində və hətta bizim Tiflis şəhərində də satırlar.

Südlü malın nişanı budur: başı kiçik, boynu və buynuzları nazik, döşü ensiz, qarnı yekə və girdə, sağrısı canlı, quyruğu nazik və uzun, əmcəyi yekə, amma onun başları miyanə, ayaqlarının hündürlüyü miyanə və onların aşağı bəndi nazik, tükləri nazik və yumşaq olur. Onlardan savayı süd aynası ki, malın dal ayaqlarının gerisində tüklər tərsinə, yəni meyli yuxarı bitən yerə deyirlər, böyük və onun tükləri yumşaq və yağlı kimi olur. Əmcəklərin üstündə qan damarları çox olur. Zikr olan nişanlardan savayı maldar gərək onun südlü olmağın imtahan etsin. Mal üç doğanacan onun südü mə’lum olmaz. Südü bir qabda saxlayıb onun qayınağının qədərini bilmək gərək. Ona binaən ki, bəzi malın südü duru olduğuna çox görünür, amma yağı az olur.