"Əkinçi", 29 mart 1876, №6/Daxiliyyə
"Əkinçi", 29 mart 1876, №6 |
Əkin və ziraət xəbərləri→ |
Bir dəfə yazmışdıq ki, hər bir qəzetin ümdə muradı mübahisədir ki, aqil kəslər bir-birilə mübahisə edib işləri xalqa bəyan etsinlər. Bu əsnada cənab Heydəri elmi-əbdan hədisinin mübahisəsi başlanmağa bais oldu. Çünki elmi-əbdan hədisinin əsli mə'nası mə’lum və aşkardır, ona binaən zikr olan mübahisənin ümdə muradı bizim elmi-əbdandan bixəbər qalmağımızın səbəblərini bəyan edib onun əlacını xalqa aşkar etmək idi. Bu səbəbə 12-ci nömrədə aqil kəslərdən sual elədik ki, o elmləri kimdən öyrənək ki, biz də tərəqqi edib payimal olmayaq? Amma indiyəcən ol suala heç bir cavab yazan yoxdur ki, guya bizim sual ol mübahisəyə daxil deyil imiş.
Necə ki bir imarət tə'mir etmək istəyən onun üçün yer alıb orada olan tə’miratları dağıdıb daş və kəsək gətirib oraya tökdürüb, sonra imarəti tikdirmək istəməyəndə ol yer ondan dəxi artıcaq xarab olur, habelə bizim elmi-əbdan bəhsi. Biz o elmlərdən bixəbər olmağımızı xalqa bəyan edib və əgər indi onun əlacının dalısıycan olmayaq işlər dəxi artıcaq xarab olacaqdır.
Pəs biz lazım bilirik bu barədə öz təsəvvürümüzü yazıb bizim aqil kəslərdən iltimas edək ki, hər bir kəs onun yaxşı və yamanlığını qəzetdə bəyan etsin. Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir. Çünki onların kitablarını bizim adam oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun.
Əlbəttə, bizim şair kitabları oxudan müəllimləri birdən elm kitabları oxudan etmək olmaz. Amma ümidvarıq ki, işin binası qoyulsa, mürur ilə yerisin. Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər.
Bu halda elmi-əbdandan bixəbər olduğumuza bir qeyr çarə bilməyib, bu təsəvvürü yazıb anlayan müsəlmanlarımıza mə’lum edirik ki, millət təəssübünə görə əlacpəzir olsunlar.