Məzmuna keç

"Əkinçi", 2 dekabr 1875, №10/Petrovskidən cənab Heydəri yazır:

Vikimənbə saytından
Daxiliyyə "Əkinçi", 2 dekabr 1875, №10

Qars şəhərindən Xaçatur Qorxmazov yazır:

1) Bir şəxsi-fazil Rusiya əhlindən ki, ərəb dilinə kəmali-vüqufu var, bir neçə gün bundan əqdəm məndən sual elədi ki, sizin peyğəmbər Məhəmmədül Mustafa buyurmuş: Əl elmi-elmani elmül-əbdan və elmül-ədyan əqli-əqlan, əqlül-məaş və əqlül-məal56 - din və məad elmi mə’lum, bədən elmindən və məaş əqlindən mənə bəyan elə görüm ki, o həzrətin mənzuru bu kəlamdan nə imiş. Mən öz qüvvəm qədər əqli və nəqli sözlərdən o qədər ki, bilirdim o şəxsin cavabında dedim. O şəxs mö'təbər dəlillər ilə mənim sözlərimi rədd edib dedi ki, müsəlmanlar din və məad elmi behşt və huri qılman ümidi ilə yaxşı bilirlər, amma məaşi-əqli və bədən elmi ki, onlardan ləfzən və mə'nən sibqəti var, bilmərrə əllərindən verib və heç bir şeyi bu iki lazım olan zaddan bilmirlər. Çün mən maleysə ləkə bihi elmün57 babətindən məəttəl qalıb və mülzəm oldum buna binaən "Əkinçi" qəzetinin inşa edəndən iltimas edirəm ki, öz qəzetində iste'anət üçün bizim milləti qardaşlarımızdan xahişi-cavab eləsin ki, elmi-əbdan və əqli-məaş şərhində bir müəyyən cavab yazsınlar ki, mən o şəxsi sakit edib cavabın verim.

2) Bir neçə ay bundan sabiq Petrovski poştxanasının poştmeysterin ki, öz elmində kamil və artıq diqqəti var idi, Dərbənd poştxanasına tə'yin edib və Şəki poştxanasının poştmeysterin onun yerinə Petrovskə gətirdilər.

Təzə poştmeyester Petrovskə gələndən sonra nə ki xalq onun öz rəftarından incidilər, bəlkə əməlcatından növ-növ xilaf qaydalar görünüb. Məsələn, mə'ruf və böyük adamların kağızların onların mənzillərinin yanında olan çörəkçilərə və araq satanlara verdilər ki, filan adam buradan keçəndə bu kağızları ona verin. Bunun bir səbəbi o idi ki, keçən illərdə poştalyonlar kağız gətirmək üçün pul alırlar idi. Amma indi zakon xalqı ol puldan məaf etməyinə binaən bə'zi poştalyon öz təklifindən ki, kağızı öz əzailə sahibinə yetişdirməkdir, ağaz edib və soruşan vaxtda nahəmvar və çirkin cavab verillər.

Bu səbəblər ilə təzə poştmeyester xalqı özündən rəncidəxatir edib öz əmələsi ilə küdurət binası qoyub, poştxananın işi nəhayətdə qarışıq oldu. Bu əsnada bir tacir min manat Hacıtərxana göndərmək üçün poştxanaya verib qəbz alır. Amma sonra mə'lum olur ki, o pul Hacıtərxan poştxanasına yetişməyib. Bu səbəbə Balbubədən çinovnik gəlib ki, ol işi təhqiq eləsin və belə deyirlər ki, ol pulu bir poştalyonda tapıblar. Əgərçi tacirin zikr olan pulu batmayacaqdır, amma ticarət mənfəətindən qalacaqdır.

3) 4 ay bundan qabaq Petrovski qospitalının rəisinin köməkçisi yuxudan durandan sonra fəryad elər ki, gecə mənim okoşkamı açıb 600 manat padşahlıq pulun aparıblar. Amma polisə gəlib təhqiq edəndə mə'lum olmuş ki, nə okoşka açılıb və nə məbləğ oğurlanıb. Ondan sonra iqrar edir ki, ol məbləği Petrovskidə olan sahibmənsəb və çinovniklər kağız oynayıb aparıblar. Şəhərin hakimi haman saat onu dustaq edib. İndi qospitalın rəisi özü odun podratçısı ilə saxta kağız qayırmaqdan ötrü dustaq olub.