Məzmuna keç

Çətindi (Növrəs İman)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Çətindi
Müəllif: Növrəs İman

Gəldi məhərrəmlik, kəsdi qabağı,
Çıxmaq olmaz bir kənara, çətindi.
İstəkli qohumlar, vəfalı dostlar,
Sizdən uzaq düşsə ara, çətindi.

Məlum könlüm düşüb qəm dəryasına,
Əridir çismimi nar havasına.
Gərəkdi, əyləşəm Əkbər yasına,
Ağlamasam Ələmdara, çətindi.

Hər an zikrimdədi ol şahi-əbrar,
Bahar buludu tək yaş eylərəm car.
Həsrətin çəkirəm, bir səfərim var,
Orda olmaq üzü qara, çətindi.

Mətahım dürrdü, alan yox, satam,
Hüseyni-şəhidin matəmin tutam.
Oğul yolu gözlər binəva atam,
Həsrət çəkər o biçara, çətindi.

Bu dünyanı görən, özün öyməsin,
Yaralı qəlbimə ellər dəyməsin.
Tanrı heç kimsədən nəzər əyməsin,
Düşsə İman kimi dara, çətindi.