Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 32
|
Həqiqi insanın, istəkli canın
Bir-biriynən irəftarı çətindi.
Dostu-mehribanın, düzgün olanın
Bircə zərrə diləfkarı çətindi.
Gərək inciməsin bir kəlmə sözdən,
Nalayiq dilinnən, bədtərin gözdən,
Kəlmə döndərməyə, keçməyə üzdən,
Axtaranda külli-varı, çətindi.
O dinəndə, bu da durub dinməyə,
Hərdəm ucalanıb, hərdəm enməyə,
Ölən vaxtı kimi qəlbi dönməyə,
Ha çalışsan, aşikarı, çətindi.
Dar gündə istəyə, gen gündə nə var,
Təbi nazik, sədaqətli, umidvar,
Dura bir-biriynən ola köməkkar,
Hər işində cəm inkarı çətindi.
Məhəbbət kənardan gündə çoxalar,
Yaxınlıqda zərrə-zərrə azalar.
Bədəsil anlamaz, dönüb yad olar,
Olmaz onun etibarı, çətindi.
Dost dostun həqiqi tuta əlini,
İş düşəndə dönrəməyə dilini,
Ana-bacı bilə qızı, gəlini,
Saxlamaqlıq o ilqarı çətindi.
Yolunda ürəkdən doğru baş qoyan,
Səhv işi ölümdür, yamandır, yaman.
Fənadan əl üzən biçarə İman,
Gəlmələrinin hər bazarı çətindi.