Məzmuna keç

Ölülər/Dördüncü məclis

Vikimənbə saytından
Üçüncü məclis Ölülər. Dördüncü məclis
Müəllif: Cəlil Məmmədquluzadə


ӘVVƏLİNCİ PƏRDӘ

Hacı Həsənin evi, İskəndərin otağı, H a c ı H ә s ә n və övrəti. K ә r b ә l a y ı F a t m a x a n ı m fikirli oturublar.

H a c ı H ә s ә n. Ay qız, Fatma, Nazlının əl-ayağını hazırla, bu gün gərək köçürək şeyxin otağına.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay Hacı, elə bu tezlikdə?

H a c ı H ә s ә n. Bəli, elə bu tezlnkdə….

K ә r b ә l a y ı F a t m a x a n ı m (bir az fikir eləyəndən sonra) Ay hacı, vallah bilmirəm nə eləyim? Lap məəttəl qalmışam: bilmirəm şeyx bu qədər arvadı nə eləyir? Elə gündə birini alır. İndi də bizim qızı istəyir.

H a c ı H ә s ә n. Yəni gündə birini alanda bir xlafi-şər iş görmür ki? Allahın əmridi, alır.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Hacı, yaxşı deyirsən, amma qorxuram Nazlı atılıb- düşə. Bir də, vallah, hacı, doğrudan, Nazlı hələ lap uşaqdı.

H a c ı H ә s ә n (hirsli). Axmaq-axmaq danışma! Uşaq olmağını ya olmamağını mən səndən yaxşı bilirəm. Zilhəccə ayının 18-də doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dəxi bilmirəm uşaq nəyə deyirsən? Sözü oyza-buyza atmaq lazım deyil. Bir yolluq aşkar de ki, Nazlını da verəcәyəm Mir Bağır ağaya.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Yox, vallah, Mir Bağır ağaya verməkdən ötrü demirəm! Özün bil, öz qızındır. Hər kəsə istəyirsən ver. Ancaq bilirəm ki, Nazlı atılıb-düşəcәk.

H a c ı H ә s ә n. Cəhənnəmə-gora atılıb-düşəcәk! Qız tayfası axmaq bir şeydi; xeyrini-şərini nə anlayır?! Kefli İskəndərin bacısı ondan artıq olmayacaq ki! Hələ o gərək allahına şükür eləsin ki, Şeyx Nəsrullah kimi bir vücuda ərə gedir. Bir belə müqəddəs şəxslə qohum olmaq elə bir qənimətdi ki, dünyada az-az adama qismət ola bilər. Bu bir mərhəmətdi ki, xudayi-taala bizə göndərir və bunların hamısı keçəndən sonra, sən özün gərək biləsən ki…. (yavaşca) şeyxi incitmək olmaz. Axı gərək başa düşəsən nə deyirəm.

K ә r b ә l a y ı F a t m a x a n ı m (yavaşca). Başa düşürəm.

H a c ı H ә s ә n. Doğrusu, Fatma, mən bu iki gündür, deyəsən, elə bir təhər olmuşam: gözlərim qaralır, hərdən bir başım da gicəlir.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay hacı, allah kərimdi, heç zad olmaz.

H a c ı H ә s ә n (fikirli). Nə bilim? (Bir az dayanıb). Di durma, Fatma, get. Nazlıya nə lazımdı de (övrət çıxır, Hacı başını aşağı salıb fikrə gedir. Bir az keçib, qapıya tərəf baxır, guya bir şey görür və hövlnak ayağa durub soruşur). Nə istəyirsən? (cavab gəlmir. Tez-tez öz-özünə deyir). Əstəğfürullah rəbbi və tube ileyh, bismillahür-rəhmanür-rəhim, (sonra ucadan çağırır). Fatma, Fatma!

İskəndər girir içəri və təәccüblə soruşur.

İ s k ә n d ә r. Ata, nə istəyirsən?

H a c ı H ә s ә n (İskəndərə). Bura gəl, bura gəl. Gəl yapışım əlindən, dizlərim titrəyir (oturur, İskəndər yapışır atasının əlindən). Bismillahür-rəhmanür-rəhim. Deginən mənə bir stəkan su gətirsinlər.

İ s k ә n d ә r. Ata, qorxma, heç zad yoxdur, ancaq bir az ağlın qaçıb.

H a c ı H ә s ә n (yapışıb İskəndərin əlindən). Yox, İskəndər, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlərim qaralır.

İ s k ә n d ә r. Qorxma, heç bir şey deyil, ancaq adam dəli olanda elə bir azca gözləri qaralır. Dəxi bundan başqa bir şey yoxdu. Qorxma, bircə bu var ki, sənin başına hava gəlib.

H a c ı H ә s ә n. Yox, yox, inşallah, heç zad olmaz. Deginən bir stəkan su gətirsinlər.

İ s k ә n d ә r. Su gətirsinlər; amma dəli olana su xeyir eləməz. (Ucadan). Əli, Əli!

Əli gəlir içəri.

Bir stəkan su gətir. (Əli çıxır).

H a c ı H ә s ә n. İskəndər, sən məni lap qorxudursan. Axı mən özüm bilirəm ki, ağlım başımdadı. Ancaq deyəsən ki, gözümə bir şey görsəndi. Elə kəfənli adam kimi bir şey idi. Gəlib durmuşdu qapıda. Bəlkə sənin də gözünə bir elə şey sataşıb?

İ s k ә n d ә r. Yox, ata, mənim gözümə bir şey sataşmayıb. Dəli adamın gözünə elə şeylər görsənər.

Əli su gətirir, Hacı Həsən alıb içir və deyir:

Allah Yezidə lənət eləsin!

H a c ı H ә s ә n (İskəndərə). İskəndər, vallah, deyəsən mənnən zarafat eləyirsən. Mən burada hər bir zadı ayın-şayın görürəm. Nədən deyirsən ki, mənim başıma hava gəlib?

İ s k ә n d ә r. Ondan ötrü ki, Şeyx Nəsrullah sizə tələ qurmaqdan ötrü beyninizi doldurub ki, ölüləri dirildə bilər, sən də inanıb var-yoxunu istəyirsən verəsən İsfahan lotusuna!

H a c ı H ә s ә n (bir qədər fikir eləyib). Yaxşı, bir saatlığa, tutaq ki, mən dəli olmuşam; bəs Mir Bağır ağa ki, alim adamdır, o niyə bəs ölülərin dirilməyinə inanır? Elədə o da dəlidi?

İ s k ә n d ә r. Yox, Mir Bağır ağa dəli deyil, ancaq eşşəkdi.

H a c ı H ә s ә n (dikəlib hirsli, ucadan). Kəs səsini, namərbut! (Bir az baxıb). Bəs telğqrafçı Heydər ağa niyə inanır, elədə o da dəli olub?

İ s k ә n d ә r. Yox, dəli odmayıb. O da o səbəbə inanır ki, qulaqları çox uzundur.

H a c ı H ә s ә n. Hə, elədə, dünyada səndən savayı hamı dəlidi, hamı eşşəkdi, bircə sən ağıllısan. Elədə Hacı Bəxşəli də dəlidi, Hacı Kazım da axmaqdı, Hacı Kərim də səfehdi. Hamı dəlidi, bircə İskəndər ağıllıdı.

İ s k ә n d ә r. Dünyada uzunqulaq məgər azdı? Nuhun gəmisində hər heyvandan hərəsindən bircə dənə var idi, amma indi gör bircə Həmədanda nə qədər eşşək var?

H a c ı Hə s ә n (hirsli). Axmaq, axmaq danışma!

K ә r b ә l a y ı F a t m a x a n ı m (girir içəri və durur bir tərəfdə). Hacı, mən sənin qızının öhdəsindən gələ bilmirəm; sən özün bəlkə onu dilə tutasan.

H a c ı H ә s ә n (bir az fikirdən sonra). Arvad, Fatma, sən məni, allaha şükür, tanıyırsan; bilirsən ki, hirsim tutanda gözümə heç zad görsənmir. Get dinməz-söyləməz qızıvın əl-ayağını qayır. Axşam gərək köçürək. (Fatma xanım çıxır. Hacı Həsən onun dalınca). Dayan, dayan! (arvad dayanır). Qızına de ki, razı olmasın gəlim onun qabırğalarını sındırım! (Fatma xanım çıxır; İskəndər bir az atasına baxandan sonra "tfu" eləyib çıxır).

H a c ı H ә s ә n (hirsli onun dalınca ucadan). A səni əkib-doğan tünbətün düşsün! Axırda işi bu yerə yetirdin? (İskəndərin dalınca hirsli çıxıb, yenə qayıdıb gəlir yerinə)

Ә v v ә l i n c i a z a r l ı ("ay, vay" eləyə-eləyə və öskürə-öskürə, rəngi qaçmış bir kişi əlindəki ağaca söykənə-söykənə girir içəri). Salam əleyküm. Ax! Vay! Vay! Heç ayaq üstə durmağa taqətim yoxdu. Hacı ağa, allah oğlanlarını saxlasın, mənə bir əlac. İndi az qalır bir il tamam olsun ki, bu zəhrimar naxoşluq yapışıb yaxamdan, əl çəkmək bilmir. Ay, ay, vay! Ay, vay! (öskürür). Bax, hərdənbir döşümün burasından ki, bir ağrı tutmur, dəxi qoymur nəfəsimi alım. Gecə səhərə kimi öskürmə qoymur yatım. Dua yazdırmaqdan yoruldum. Dəllək usta Cəfərə yol döyməkdən dəxi yorulmuşam. Aman günüdür, ay hacı (öskürür). Mənə əlac. Allah sizə ömür versin. Dəxi sizin qapınıza pənah gətirmişəm: ya gərək şeyx cənabları bu saat mənim canımı ala ki, bir yolluq ("uy, uy" eləyib əlini qoyur döşünə, öskürür) dincələm, ya gərək mənə bir əlac eləyə. Şeyxin qədəmlərinə fəda olum. Heç zad istəmirəm, elə bircə mənə mərhəmət nəzərilə baxsa, yaxşı olaram; yoxsa, heç bir şeyim yoxdur. Elə allah-taalanın mənə mərhəməti bəsdi. Ax … ay … vay! Nəfəsim kəsildi.

H a c ı H ә s ә n. Çox əcəb, baş üstə, məşədi. Ancaq indi şeyx cənabları ibadətə məşğuldur. Baş üstə, fariğ olan kimi, mən ərz elərəm ki, yazıqsan, sənə bir əlac eləsin. Baş üstə.

Ә v v ә l i n c i a z a r l ı. Ax! (öskürür). Ax!… Vallah bilmirəm ki, bu nə dərddi gəlib yapışıb yaxamdan. Bir-iki ay bundan irəli, yəni deyəsən bir az yaxşı idi. Öskürməm azaldı, iştəham da….

İ k i n c i a z a r l ı (başı dəsmal ilə bağlı, qaşqabaqlı girib, əvvəlinci azarlının sözünü kəsir). Salam əleyküm. (Əvvəlinci azarlıya). Məşədi Hüseynqulu, sən də buradasan? Yaxşı eləyib gəlibsən; biz yazıqlara nicat yolu elə bu qapıda olacaq. Allah Hacı əminin kölgəsini bizim başımızın üstündən əskik eləməsin öz birliyi xatirinə! (Hacı Həsənə). Hacı əmi, bu başağrısı məni hələk eləyibdir; nə qoyur geçə rahat olam, nə qoyur gündüz rahat olam. Gedirəm Usta Cəfərin yanına, deyir: qanın çoxalıb, gərək səndən qan alam. Gedirəm Mir Bağır ağanın yanına, deyir: qanın azalıb, gərək bal halvasından savayı özgə şey yeməyəsən. Hacı əmi, məni çövür balalarıvın başına, şeyx cənablarından iltimas elə, mənə bir barmaq yekəlikdə (əlinin şəhadət barmağını göstərir) dua yazsın ki, bu başağrısı məndən rəf olsun. Hacı əmi, nə qədər canım sağdır….

Qucağında uşaq bir kişi, uşaq ağlayır və ikinci azarlının sözünü kəsir. Sonra yenə azarlılar başlayırlar bir-bir içəri girməyə. Kimi başını, kimi boynunu, kimi qolunu bağlayıb, "ax vay" ilə girib düzülürlər. Və bərk azarlılar girən kimi çöküb otururlar yerə. Bunların bir neçəsi başlayırlar, Hacı Həsəndən bu tövr təvəqqe eləməyə.

A z a r l ı l a r. Hacı əmi! Qapına dəxil düşmüşük, şeyx cənablarından bizə bir çarə. Aman günüdü, bizə yazığınız gəlsin.

H a c ı H ә s ә n (gəlib durur azarlıların qabağında). Baş üstə, mən əlimdən gələni sizdən əsirgəmənəm; ancaq indi görürsünüz, şeyxəna hələ heç kəsə içəri girməyə izin vermir. Siz zəhmət çəkin həyətdə oturun ağacın kölgəsində, gözlüyün. Baş üstə, elə ki, şeyx cənabları izin verdi, mən sizə xəbər verərəm, hamınız dərd-dilinizi ərz edərsiniz və inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız.

A z a r l ı l a r (Hacı Həsənə dua edə-edə, yavaş-yavaş çıxırlar). Allah hacı əmiyə ömür versin! Allah hacı ağanın atasına rəhmət eləsin! Allah onu bizə çox görməsin öz birliyi xatirinə!

H a c ı H ә s ә n (qapıda nökəri Əlini görüb deyir). Əli, şeyx cənablarına çay-çörək aparıbsan?

Ә l i. Xeyr, hacı ağa, hələ şeyx yuxudan durmuyub; qapısı indiyə kimi bağlıdır.

K ә r b ә l a y ı F a t m a x a n ı m (girir içəri, Əli çıxır). Hacı, Nazlını bir fəndlə dilə tutdum, razı elədim. Amma vallah, bir sözüm var, deməyə də qorxuram.

H a c ı H ә s ә n. De, sözün nədi, de.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Hacı, sən bilirsən yazıq Saranı ərə verəndə mən nə qədər niskil elədim ki, yazıq qıza toy çaldırmadıq. Sən dedin günahdı--mən də bir söz demədim. Allaha qurban olum, biz elə həmişə günahdan qorxmuşuq, ancaq….

H a c ı H ә s ә n (arvadının sözünü kəsib). Hə, sözünü de görüm. İndi elə o qalıb ki, şeyxin hüzurunda evimizə bir toyçu da gətirək.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Vallah, mənim işim yoxdu, mən heç zad demirəm. Odu, öz qardaşın qızları, Fizzə xanım, Səkinə xanım, Gülçöhrə xanım, Ümmigülsüm xanım--hamısı tökülüb gəlib, yapışıblar yaxamdan ki, gərək oxuyub-çalan gələ.

H a c ı H ә s ә n. Sənə deyirəm axmaq-axmaq danışma. Hələ şeyx qalsın kənarda, kim görübdür ki, hacı evində toy çalına?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Sən elə barı insafnan danış: məgər Hacı Ələkbərin qızını ərə verəndə toy çaldırmadılar? Bə Hacı Mirtağıya nə deyirsən? Hazır toya çağırmışdılar. Toy səsindən məhəllə köçürdü. Elə bircə sənin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Bəxşəli oğlunu evləndirdi; indi bir soruş gör oxuyub çalan gətirmişdilər ya yox? Elə dünyada bədbəxt bircə bizik? Nə zəhmətnən uşaq böyüdürük, amma evdən köçürdəndə elə köçürdürük ki, deyəsən oğurluq maldı; nə qonum bilir, nə qonşu bilir. Mən demirəm adam çağır, demirəm qonaqlıq elə, demirəm batman qazanlarını as; ancaq deyirəm ki, yasa yas deyiblər, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülüb gəliblər. Nə olu ki, heç olmasa, bircə saat çəpik çalalar, yazıq Nazlının da ürəyi açıla. Vallah, səhərdən indiyədək ağlayır. Yad ki, deyil, sənin öz qızındı; gərək sənin də qızına yazığın gəlsin.

H a c ı H ә s ә n (bir az fikirdən sonra yavaş səslə). Yox, qızıma degilən ki, ağlamasın. Mən razı olmanam ki, o ağlasın. Dur gedək, mən də onu dilə tutum. (Durur ayağa), Yox, yox, Nazlı qızım ağlamasın, dur gedək (çıxırlar).

Nökər Ә l i girir içəri və onun dalınca iki qoca ö v r ә t. Sonra yenə ikisi-üçü və bu cür on beş-iyirmiyədək çarşovlu övrət, çoxu qoca, pıçıldaşa-pıçıldaşa gəlib çökürlər bir tərəfdə. Əli çıxır. C ә l a l ağzında konfet, gəlib durur qapıda, övrətlərə baxır. Övrətlərin heç biri dinmir və heç biri üzünü açmır. Cəlal bir az baxandan sonra soruşur:

C ә l a l. Siz də toya gəlmisiniz?

Arvadlar dinməyib baxırlar Cəlala.

(Cəlal bir az baxıb deyir). Həyə toya gəlibsinizsə, toy otağı bura deyil.

Arvadlar dinmirlər, ancaq başlarını bulayırlar. Sonra bir övrət alçaq səslə Cəlala deyir: "Gəlmişik şeyxə siğə olaq".

C ә l a l (soruşur). Siğə olaq nədir?

Övrətlər yavaşca gülüşürlər. Bir övrət cavab verir: "Gəlmişik şeyxə ərə gedək".

Cəlal başlayır gülməyə və deyir.

C ә l a l. Buy, bu qədər də arvad bir kişiyə ərə gedər? (Gülüb qaçır eşiyә);

Övrətlərin bir neçəsi də gülür. Mir Bağır ağa qapıdan içəri girib, övrətləri görüb, diksinən kimi qayıdır. Sonra F a t m a x a n ı m başında çarşov; dalınca Mir Bağır ağa, girirlər içəri.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ağa, buyur gəl, get əyləş o tərəfdə.

Mir Bağır ağa dalını övrətlərə çöndərib, gəlib əyləşir qabaqda, dalı övrətlərə tərəf. Kərbəlayı Fatma xanım gedib övrətlərə əyilib pıçıldaşandan sonra Mir Bağır ağaya.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ağa, bu bacılar səndən təvəqqe eləyirlər, zəhmət çəkib şeyxə deyəsən ki, allah rizası üçün adını qoysun bu biçarələrin üstünə ki, yazıqlar allahın savabından binəsib olmasınlar.

M i r B a ğ ı r a ğ a (başıaşağı). Baş üstə, baş üstə. Deyərəm, əlbəttə, deyərəm. Çox gözəl işdir. Allah-taala həmişə belə bəndələrini dost tutar. Allah əcri-xeyir versin. Maşallah, maşallah, bacılar!

Çıtmıq səsi gəlir və sazəndə çalıb oxumağı eşidilir.

M i r B a ğ ı r a ğ a (təәccüblü başını qalxızıb, F a t m a x a n I m a). Əmidostu, bu nə xəbərdi?

K ә r b ә l a y ı F a t m a x a n ı m. (arvadlara). Bir də, vallah, billah, hər kəs hər nə desə, yalandı. Hər kəsin alnına nə yazılıbsa, elə də olacaq. Yoxsa kimin ağlına gələrdi bizim Nazlı şeyx kimi adama qismət olacaq.

M i r B a ğ ı r a ğ a (çox təәccüblü). Necə Nazlı, sizin Nazlı?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Nə bilim, ay ağa, bu gün Hacı Nazlını verir qonağımıza.

M i r B a ğ ı r a ğ a (təәccüblü). Şeyx Nəsrullaha?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Bəli, cənab şeyxə.

M i r B a ğ ı r a ğ a (bir az fikir eləyib). Elə bu gün?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Yəni, vallah, ağa, mən hacının öhdəsindən gələ bilmirəm; deyirəm axı bu tələsikdə iş olmaz. Nə bilim, vallah, özüm də məəttəl qalmışam.

Mir Bağır ağa başını salıb aşağı, cibindən qırmızı güllü dəsmalını çıxarıb, basır üzünə və başını aşağı əyib, başlayır ağlamağa.

H a c ı H ә s ә n (qapıda görsənir. Fatma, bacıları apar o biri otağa; bura adam gələcək.

Kərbəlayı Fatma xanım və övrətlər durub gedirlər. Hacı Həsən və İskəndər girirlər içəri. Hacı Həsən oturur və İskəndər durur ayaq üstə.

H a c ı H ә s ә n (oğluna). İskəndər, qulaq as, gör nə deyirəm. Mir Bağır ağa da özgəsi deyil. Sən bilirsən ki, bacın Nazlı səni nə qədər istəyir. Bugünkü gündə razı olma ki, mənim evimdə göz yaşı tökülsün. Şeyx cənablarına getməyə mən onu razı eləmişəm; amma bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nə bilim, gərək İskəndər razı olsun. Bunu da sənə xəbər verirəm ki, razı oldun, olmadın, mənə heç təfavütü yoxdu. Məni sən o qədər incitmisən ki, mən səni daha adam yerinə qoymuram. İndi özün bil: əgər istəyirsən ki, uşağın qəlbi sıxılmasın, onu çağır bura və xoş dilnən onu danışdır. Qərəz, özün bil.

Mir Bağır ağa ağlaya-ağlaya Hacı Həsənlə çıxıb gedirlər. Sazəndənin çalıb-oxumaq səsi gəlir. İskəndər fikir eləyir. N a z l ı qapıda görsənib, durub və dinmir.

N a z l ı. Dadaş, qoy gəlim üzündən öpüm. (İstəyir gəlsin irəli. İskəndər tez çəkilib, durur kənarda və dinməyib, baxır Nazlının üzünə). Dadaş, sən allah, məndən incimə!

İ s k ә n d ә r. Həyə istəyirsən mən səndən inciməyim, dur orada və yerindən tərpənmə. (Bir qədər Nazlıya baxandan sonra əlini salıb, çibindən araq şüşəsini çıxardıb, istəyir başına çəkib içə. Nazlı onun yanına yeriyib, istəyir qoymaya. İskəndər çox ucadan və hirslə "çəkil!"--deyib Nazlını elə bərk itələyir ki, qız dalı üstə yıxılır yerə. İskəndər başlayır arağı içməyə və Nazlı ağlaya-ağlaya durur ayağa və qapıya tərəf gedir. İskəndər: "puf" eləyib üzünü turşudur və Nazlıya deyir). Dayan, dayan! Getmə! Sənə söz deyəcәyəm. (İkinci dəfə şüşəni başına çəkib içir və şüşəni qoyur cibinə. Sazəndənin çalıb oxumaq səsi gəlir. İskəndər haman səsi eşidib, başlayır yavaş-yavaş alçaqdan oxumağa. Sazəndə oynamaq havası çalır və İskəndər düşür oynamağa; sonra dayanıb Nazlıya): Nazlı, mən ölüm bura gəl; gəl bura, gəl barışaq. İndi hər nə sözün var de. İndi mən sənə nökərəm, mən sənə qulam. Gəl, gəl barışaq. (Gedib Nazlını qucaqlayır).

M ә ş ә d i O r u c (əlində teleqraf kağızı, kəhildəyə-kəhildəyə girir içəri və ucadan soruşur). Hanı hacı əmi?

Onun dalınca anası yenə ağlaya-ağlaya girir içəri. Nazlı yox olur. Sonra kəhildəyə-kəhildəyə içəri girirlər. H a c ı B ә x ş ә l i, H a c ı K ә r i m, H a c ı K a z ı m, M i r B a ğ ı r a ğ a, H e y d ә r a ğ a və biz gördüyümüz adamların çoxu. Çox adam da otağa sığışmayıb durur qapıda. Adamlar kəhildəyə-kəhildəyə bir-birinin üzünə baxıb, bilmirlər nə qayırsınlar. Hacı Həsən içəri girib, çox təәccüb eləyib, mat qalır və adamlara üzünü tutub soruşur.

H a c ı H ә s ә n. Camaat, xeyir ola? Nə xəbərdi, nə var?

M ә ş ә d i O r u c (ağlaya-ağlaya). Hacı, Kərbəlayı Fətullah dirilməyib.

İskəndər xa … xa … xa! … çəkib gülür və adamların içinə girib yox olur.

H a c ı H ә s ә n (Məşədi Oruca). Nə danışırsan, necə dirilməyib?

A d a m l a r ı n ç o x u b i r d ә n. Bəli, bəli, dirilməyib.

H a c ı H ә s ә n. A kişi, allah rizasına, elə söz danışmayın. Elə şey olmaz və ola da bilməz.

M ә ş ә d i O r u c. Hacı əmi, vallah, belədi. Bu da telğraf, al, oxut, gör nə yazılıb. (Ətəyi ilə gözünün yaşını silir və kağızı uzadır Hacı Həsənə). Hacı əmi, axı Kərbəlayı Fətullahdan kağız gəlmişdi ki, guya bu şeyx onu dirildib və özü də çıxıb gəlir. Mən də, özün bilirsən ki, Xorasana telğraf eləmişdim ki, görüm Kərbəlayı Fətullah niyə yubandı. Telğrafı da Hacı Məmmədəlinin üstünə göndərmişdim. Çünki dadaşım dirilsəydi, Hacı Məmmədəligildən savayı özgə yana getməzdi. İndi Hacı Məmmədəli yazır ki, siz dəli-divanə olmusunuz. Adam da məgər öləndən sonra dirilər?

H a c ı H ә s ә n (teli ala-ala). Necә?

İskəndər adamların içindən xa … xa! … çəkib gülür.

H a c ı H ә s ә n (Heydər ağaya). Ay Heydər ağa, allah atana rəhmət eləsin, bir bizi başa sal görək, bu necə telğrafdı? Axı, ağıl kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalan çıxsın. Biz ki, allaha şükür, uşaq deyilik, dəli deyilik. Allaha şükür, şeyx cənablarının möcüzələrini burada olan adam hamısı gördü. Bəlkə telğrafda səhv-zad var?

Hamı bir-birinə deyir: "Vallah, belə zad olmaz", "Xeyir, belə deyil". "Vallah, başa düşə bilmirəm".

H e y d ә r a ğ a. Hacı Həsən ağa, mən telğrafı diqqətlə oxumuşam. Telğrafda səhv yoxdur. Mən belə məsləhət görürəm, genə şeyxin özünə bu əhvalatı bildirəsiniz ki, görək sözü nədi və bu teli kim vura bilər və belə yalanı kim düzəldə bilər?

H a m ı b i r d ә n. Bəli, bəli, yaxşı buyurur; şeyxin özünə demək lazımdır.

(Hamı sakit olur).

H a c ı H ә s ә n. Vallah, doğrusu, adam utanır da şeyxə belə sözləri deməyə. Doğrusu, mən bir az xəcalət çəkirəm. A kişi, vallah, ola bilməz. Burada bir özgə əməl var. Qərəz ki, vallah, mən utanıram. Belə xəbəri mən şeyxə verə bilmənəm.

H a c ı B ә x ş ә l i (Hacı Kərimə). Hacı Kərim ağa, sən yaxşısan, sən özün şeyxnən danış.

H a c ı K ә r i m. Xeyr, xeyr, mən o qələti eləyə bilmənəm! (Hacı Kazıma). Hacı Kazım ağa, sən özün yaxşısan.

H a c ı K a z ı m. Doğrusu, mən şeyx cənablarından qorxuram. Qardaş, görmürsünüz ki, necə hirslidir? Elə çığırır ki, dam-daş titrəyir.

M i r B a ğ ı r a ğ a (qabağa yeriyib). A kişi, burada, mən bilmirəm, nə çətin iş var? Şeyx Nəsrullah adamyeyən deyil ki! İstəyirsiniz mən bu saat gedim, hər nə sözünüz var deyim. (Yavuqlaşır şeyxin qapısına).

H a m ı. Çox əcəb! Çox əcəb! Allah atana rəhmət eləsin!

H a c ı H ә s ә n (yeriyib Mir Bağır ağanın qabağına). Ay ağa, sən allah barı bir az ehtiyatlı ol. Genə hər nə deyəcәksən, bir az ədəbli de ki, yazıq şeyxi özümüzdən incitməyәk.

M i r B a ğ ı r a ğ a (əli ilə şeyxin qapısını tıqqıldadır, hamı qorxub çəkilir kənara. Çoxları otaqdan çıxır. Mir Bağır ağa yenə qapını döyə-döyə çağırır). Cənab şeyx!

H a c ı H ә s ә n (kənardan qorxa-qorxa). Mir Bağır ağa, gəl bir istixarə eləyәk; bəlkə, heç şeyxi narahat eləməyimiz məsləhət deyil?

Mir Bağır ağa qulaq asmayıb, qapını dəxi də bərk döyür. Hamı sakit olub, mat qalır. İskəndər adamların içindən çıxıb, birdən gəlir və qapını təpiyilə bərk vurur. Qapı açılır, adamlar qorxularından qaçırlar eşiyə və şeyxin otağının tamaşaçılara tərəf pərdəsi qalxır.

İKİNCİ PƏRDӘ
Şeyxin otağında bir kəs görsənmir. İskəndər otağa girib, təәccüblü o tərəf-bu tərəfə baxıb, yavuqlaşır küncdə asılan pərdənin yanına və pərdənin kənarını qalxızıb baxan kimi, pərdə dalında olan dörd nəfər qız başlayır birdən ağlamağa.

İ s k ә n d ә r (qızlardan soruşur). Hanı şeyx? (Qızlar cavab verməyib ağlayırlar).

İ s k ә n d ә r (Şeyxi axtarmaq qəsdilə yenə o tərəf-bu tərəfə baxıb və sonra pərdənin dalındakı qızlara baxıb, yenə soruşur). Bəs qonaqlar hara gediblər?

Q ı z l a r d a n b i r i s i (pərdənin dalından). Gecəynən şeylərini yığışdırıb dedilər: "gedirik hamama".

İskəndər bir söz deməyib, qızların pərdəsini salıb, başını aşağa salıb, bir qədər fikirli durur. Bu heyndə eşikdə qiylü-qal və qaçhaqaç qopur. Bir az da keçir, ü ç n ә f ә r a d a m, müsafir paltarında, silahlı və toz-torpaqlı, çox hirsli girirlər qabaq otağa və ucadan soruşurlar. "Hanı o ölü dirildənlər?" Sonra müsafirlər və onların dalınca c a m a a t girir şeyxin otağına. Müsafir və camaatdan bir neçəsi İskəndərdən soruşurlar: "hanı Şeyx Nəsrullah?" İskəndər cavab verir ki, "qaçıblar". Müsafirlər və camaat ucadan soruşur: "Necə qaçıblar, hara qaçıblar?". Otağa böyük mərəkə düşür. Pərdə dalından qızlar başlayır ağlamağa. Adamların biri soruşur: "Hara qaçıblar?" biri: "Necə qaçıblar?". Biri deyir: "Nə vaxt qaçıblar?" Bir-iki kişi gəlib pərdənin dalından qızlardan soruşur: "Bala, niyə ağlayırsan? Bala qorxma!" Adamlar qarışıb bir-birinə. Müsafirlərin biri üzünü camaata tutub deyir.

M ü s a f i r. Ey müsəlman qardaşlar! Bir sakit olun; iki kəlmə sözümüzü eşidin; sonra siz də təklifinizi bilin; bizə də kömək eləyin. Biz İrəvan vilayətindənik və indi elə başa düşürük İsfahan lotuları bizim başımıza gətirəni, sizin də başınıza gətirib. Belə ki, bu haramzadalar yalandan adlarını müctəhid qoyub, gəlib bizim şəhərdə dörd gün qalıblar və min hiylə ilə gecədə bir qız alıb, kəbin altında qoyub, çıxıb qaçıblar. Aman günüdür, onlar qaçan yolu bizə nişan verin, tutaq və onların divanını eləyәk.

Pərdə dalında qızlar yenə ağlaşırlar. Adamların bir neçəsi müsafirlərin qabağına düşüb və çoxusu onların dalınca tez qaçırlar va qaça-qaça çığırırlar.

Durmayın, durmayın! Qaçaq Culfa yoluna! Kərbəlayı Həsən! Məşədi Cəfər! Əli! Həsənqulu! Atları minin, durmayın, gedək o lotuları tapaq!

Adamların çoxu və müsafirlər qaçıb, çıxıb gedirlər.

İ s k ә n d ә r (Şeyxin otağının ortasında durub, müsafirlərin sözlərini təkrar eləyib, öz-özünə deyir). Gecədə bir qız alıb, axırda qoyub qaçıblar! Xa … xa … xa!… (Qah-qah çəkib gülür; sonra sakit olub fikirli, qızlara tərəf üzünü çöndərib və yenə bir az fikirdən sonra qalan adamları eşik otaqdan bir-bir çağırır içəri). (Adamlara). Gəlin içəri, gəlin bura! Gəl, gəl! Yavuq gəl!? Gəl, keç içəri. Sən də gəl, Hacı Kazım, sən də buyur içəri. hamınız gəlin içəri! Mən ölüm hamınız gəlin! Bax, belə! Keç! Keç! Sən də keç içəri! Sən də gəl. Gəlin, gəlin (Bu sözləri deyə-deyə İskəndər adamları, yığır şeyxin otağına), Di indi növbət mənimdir, qulaq asın; mən də bir-iki kəlmə söz danışım. (Hamı düzülüb və sakit dururlar və İskəndər "sus" eləyib, gedir qızların pərdəsini çəkib qopardır, atır kənara. Camaat utandğından başını salır aşağı. Qızlar da utanıb, üzlərini əlləri ilə tuturlar və başlayırlar ağlamağa. İskəndər üzünü tutur camaata).

İSKƏNDƏRIN NITQI

Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcәk: (ucadan) tuf sizin üzünüzə! "Tüpürür camaata tərəf". Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskəndər bir az biədəblik eləyir. Amma indi də növbət mənimdir. Mən demirəm ki, siz niyə bu balaca uşaqları (qızları göstərir) zornan gətirib qatdız bu fahişəxanaya. Söz yox, siz bunlara deyəndə ki, səni verirəm bu şeyxə, bu biçarələr çığırıb bağırırdılar və sizin çirkli ayaqlarınızı öpə-öpə yalvarırdılar: "Ata, aman günüdür, məni anamdan ayırma!" (Üzünü qızlara tutub). Elədirmi? Doğrumu deyirəm?

Qızlar ağlaya-ağlaya baş yendirirlər.

Yox, mən ondan ötrü incimirəm. Çünki siz qızlarınızı bura çəkə-çəkə elə xəyal edirdiniz ki, bunları behiştə çəkirsiniz və İsfahan şeyxləri sizi inandırmışdılar ki, hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qiyamətədək qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcәk. Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz, dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən dostlarınızın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: "Tuf sizin üzünüzə!" (Bərk tüpürür).

Camaat hamısı başını salır aşağı.

Bu sözləri sizə deməkdə elə xəyal eləməyin ki, mən sizi pisləyib, özümü tərif etmək istəyirəm. Yox, yox! Bunu bilirəm ki, mən heç bir şeyəm. Mən çöllərin otuyam, küçələrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mən dünyada heç bir şeyəm. Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb (əlini uzadıb cibindən araq şüşəsini çıxardır) bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Amma qorxmayın, mənim əlimdən elə şeylər gəlməz. Bu araq şüşəsidir və Şeyx Nəsrullah burada gecələr bu balaca uşaqları boğanda, mən bu şüşədən araq içərdim.

Qızlar başlayırlar ağlamağa.

Yox, yox, o mənim işim deyil. O, igid işidir. Siz tək camaatın da igidi mənim tək olar. Hələ mən heç. İndi görək siz kimsiniz? Mənim adım kefli İskəndərdir; bə sizin adınızı nə qoyaq? Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: "Ölülər". Mən cəmi millətləri bura yığıb təvəqqe edərəm ki, Şeyx Nəsrullahın hərəmxanasına tamaşa eləsinlər; o vədə bütün yer üzünün tayfaları sizi bir səslə adlandırarlar: "Ölülər!" Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcәklər. "Ölülər"….

Musiqi.

Dəxi bəsdi. Di gəlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın birinin əlindən). Bu kimin qızıdı?

Camaat içindən bir kişi yeriyir qabağa.

Sənin qızındı? Di gəl apar.

Kişi gəlib, yapışır qızının əlindən.

İskəndər (o biri qızın əlindən yapışıb, yenə soruşur). Bu kimin qızıdır?

Yenə bir kişi gəlib yapışır qızın əlindən və aparır. Bu minvalla üçüncü və dördüncü qızı İskəndər yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin səsilə çıxıb gedirlər. Camaat da başını aşağı salıb, məyus durur. Axırıncı qız yola düşəndə İskəndər araq şüşəsini çəkir başına və boş şüşəni vurur yerə. Yavaş-yavaş pərdə yenir və musiqi çalır.

Axırı.