İsgəndərin vəqəsi (Seyrə çıxmışdı bir gün İsgəndər)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
İsgəndərin vəqəsi Müəllif: Seyid Əzim Şirvani |
Seyrə çıxmışdı bir gün İsgəndər,
Rast bir novcəvanə gəldi səhər.
Sərbürəhnə, cünunü divanə,
Mənzili bir fəzayi-viranə.
Etdi divanəyə o şah xitab,
Oldu divanə müstəndi-cəvab.
Dedi mən padşahi-dövranəm,
Rübi-məskunə, bil ki, sultanəm.
Zati-pakımda çün nəcabət var,
Məndə dərya kimi səxavət var.
Hər nə sən istəsən olur hasil,
İstə bir şey ki, ta ola vasil.
Dedi divanə: - Ey şəhi-məğrur,
Məndən eylə bu dəm məkəsləri dur.
Mənə milçəklər eyləyir azar,
Məndən olsun buyur, bu ləhzə kənar.
Dedi sultan ona ki, divanə,
Bir şey istə ki, qadirəm anə.
Güldü divanə, söylədi: - Ey şah,
Qüdrətin xeyli var imiş kutah.
Qüdrətin çünki yoxdu bir məkəsə,
Edəcəksən nə lütf hiç kəsə.
Mən təki çünki sən də acizsən,
Özüvə görmə fəxri çaiz sən.
Seyyida, gör ki, sərvəri-mərdan
Eyləyib xütbədə bu rəmzi bəyan.
Xeyli acizdü bu bəni-adəm,
Bir məkəsdən çəkir bəlavü ələm.
Məkəsə hökm qılsa ol qəyyum,
Fil xortumuna salar xortum.